Rusiyada vətəndaşlıq alanların sayı iki dəfə azalıb - RƏSMİ

Rusiyada vətəndaşlıq alanların sayı iki dəfə azalıb - RƏSMİ
DÜNYA
11:07 27.03.2025
274
2024-cü ildə 209 min əcnəbi Rusiya vətəndaşlığını qəbul edib ki, bu da əvvəlki illə müqayisədə demək olar ki, iki dəfə azdır.

AZXEBER.COM Rusiya Daxili İşlər Nazirliyinin hesabatına istinadən xəbər verir ki, ötən il vətəndaşlığa qəbul edilənlərin sayı 44,8 faiz (209 min nəfərə qədər) azalıb.

Nazirlik bunu nəzarətin gücləndirilməsi ilə izah edib. Halbuki xarici ölkə vətəndaşlarının özləri Rusiyada vətəndaşlıq almaqdan imtina edirlər: bu, onların məcburən Ukrayna müharibəsinə göndərilməsi ilə nəticələnir.

Rusiya hüquq-mühafizə və miqrasiya orqanları ölkədə müvəqqəti qalma müddətini azaltmaq, iş və müvəqqəti oturum icazəsinin verilməsini çətinləşdirməklə miqrantları vətəndaşlıq almağa yönəltməyə çalışırlar. Rəsmi məlimata əsasən ötən il Rusiyanın müvafiq qurumları 1757 nəfərin Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul ediblər. İl ərzində əcnəbi vətəndaşların Rusiya ərazisindən çıxarılması, deportasiyası və readmissiyası ilə bağlı 190,2 min qərar qəbul edilib ki, bu da 2023-cü illə müqayisədə 31,1 faiz çoxdur. Həmçinin ötən il qanunu pozan 157 min əcnəbi ölkəni tərk edib ki, bu da 2023-cü ilin göstəricisindən 44,6 faiz çoxdur.

Hesabat dövründə DİN Rusiya qanunvericiliyinin tələblərinə əməl etməmək tələbi ilə 267,2 min əcnəbinin ölkəyə girişinə məhdudiyyət qoyub ki, bu da əvvəlki illə müqayisədə 93,8 min nəfər çoxdur.

Bundan əlavə, 2024-cü ildə Rusiyada əcnəbilərə verilən müvəqqəti yaşamaq icazəsi (-50,4 faiz, 44,5 min) və yaşayış icazəsi (-21,3 faiz, 214,9 min) azalıb.

Rusiya DİN bu tədbirlərin xaricilərin Rusiya ərazisində törətdikləri cinayətlərin azalmasına gətirib çıxardığını deyir. Amma bu azalma atılan addımlara adekvat olmayaraq, çox cüzi rəqəmlərlə ifadə olunur. Belə ki, il ərzində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilən cinayətlərin sayı cəmi 0,9 faiz, cinayət törətdiklərinə görə məsuliyyətə cəlb olunan əcnəbi vətəndaşların sayı 3,8 faiz azalıb.
OXŞAR XƏBƏRLƏR