Elmin İsayev
Rusiyanın Cənubi Qafqaz Siyasəti
Geosiyasi və strateji əhəmiyyəti, etnik baxımından müxtəlifliyinə görə, boru xətləri marşrutlarının bu bölgədən keçməsi və Avropanı Asiya ilə birləşdirən Cənubi Qafqaz bölgəsi Rusiya xarici siyasətində ən önəmli yeri tutmaqdadır. Sovetlər Birliyinin dağılması ilə birlikdə Rusiya bölgəyə hakim olmaq və bölgə ölkələrini öz təsiri altına almaq məqsədini xarici siyasətində əsas yer tutmaqdadır. Sovetlər Birliyinin dağılması ilə Cənubi Qafqaz bölgəsi yenidən digər dövlətlərin maraq dairəsinə daxil olmuşdur. Belə ki, başda Rusiya olmaqla Amerika, Avropa Birliyi, Türkiyə, İran kimi dövlətlərin də Cənubi Qafqaza maraqları artmışdır. Bu baxımdan Rusiya Cənubi Qafqazı nəyin bahasına olursa olsun əldən vermək istəməmişdir. Hətta A.Volski yazırdı ki, “Rusiyanın Qafqazdakı geosiyasi maraqları XIX əsrdəki kimi qalmaqdadır. Biz istəsək belə Rusiya burdan gedən deyildir. Rusiyanın tək bir qorxusu var ki, Rusiya burdan getsə digər dövlətlər (ABŞ, Türkiyə, İran) onun yerinə keçə bilərlər. Bu da Rusiyanın məqsədlərinə uyğun gəlməməkdədir”.
Tarixdən də bildiyimiz kimi Rusiyanın bir dünya gücü olmağa başladığı illərdən bu yana xarici siyasətində Cənubi Qafqazın önəmi mövcud olmuşdur. Bunun əsas səbəbi isə Rusiyanın “isti dənizlərə” birbaşa çıxışı mövcud deyil. Belə ki, Rusiyanın isti dənizlərə çıxışı əsas olaraq üç ana istiqamətdədir. Bunlardan birincisi, Balkanlar yolu ilə İstanbul və boğazları əldə tutmaqla Egey və Aralıq dənizlərinə hakim olmaqdır. İkinci olaraq, Qafqaz bölgəsini ələ keçirməklə və keçid bölgəsi kimi istifadə etməklə Şərqi Anadolunu ələ keçirməklə Aralıq dənizinə enmə imkanını əldə etmək. Üçüncü olaraq isə yenə Qafqaz bölgəsini ələ keçirməklə İran üzərindən Hind okeanına çıxış imkanının əldə etməkdir. Cənubi Qafqaz Rusiya üçün həm Avropa ilə Orta Asiya arasında bir körpü, həm də Qara dəniz və Xəzər dənizinə çıxışa malik olmaqla vacib geosiyasi regiondur. Bundan başqa Cənubi Qafqazın Rusiya üçün iki fərqli xüsusiyyəti də vardır. Biri, Asiyadakı rəqibləri olan Türkiyə və İranla qovuşma nöqtəsi olması, digəri isə Qafqazın Orta Asiyanın qapısı rolunu oynamasıdır.
Digər tərəfdən Xəzər dənizində mövcud olan neft Azərbaycanın Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu sübut etməkdədir. Bildiyimiz kimi, Rusiya dünya neft məhsullarının 40% nə sahibdir və dünya ölkələrini özündən asılı vəziyyətdə saxlamaq istəməkdədir. Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan xarici siyasətində dönüş nöqtəsi olaraq Qərb dövlətləri ilə birlikdə “Əsrin müqaviləsini” imzalamışdır. Bu müqavilənin imzalanmaması üçün Rusiya Azərbaycan təsir etmiş ancaq heç bir nəticə əldə etməmişdir. Rusiyanın əsas məqsədi isə Azərbaycan neftinin Qərb bazarına daşıyacaq olan boru xətlərinin Rusiya üzərindən keçməsidir.
Cənubi Qafqaz ölkələrinin ayrı ayrılıqda Rusiya üçün önəmi vardır və ilk olaraq Gürcüstan dövlətinin Rusiya üçün marağına baxdıqda görmək mümkündür ki, Gürcüstan Cənubi Qafqazın mərkəzində yerləşmişdir. Belə ki, Gürcüstan digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq “açıq dənizlərə” birbaşa çıxışı vardır. Cənubi Qafqaz ölkələrindən Gürcüstan Rusiya ilə mənfi, Qərb ölkələri başda Amerika olmaqla yaxın münasibətləri vardır. Mixayıl Saakaşvilinin 2003-cü ildə iqtidara gəlməsi və Qərb yönlü siyasət həyata keçirməsi ilə iki ölkə arasında münasibətlər gərginləşmişdir.
Azərbaycanın Rusiya üçün əhəmiyyətinə baxdıqda isə həm tarixi faktorlar, ölkənin təbii zənginliklərə sahib olması, digər tərəfdən ölkənin geostrateji mövqeyi və s kimi faktorlar təsir etməkdədir. Rusiyanın xarici siyasətində Azərbaycanın siyasətinə baxdıqda, ilk olaraq Azərbaycanı təsir altında saxlamaqla, Yaxın və Orta Şərqə çıxış əldə etməkdir. Bununla birlikdə, Azərbaycan Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərinin mərkəzində yerləşməsidir. Digər tərəfdən Azərbaycanın zəngin karbohidrogen yataqları mövcuddur ki, bunların istismarı, istehsalı və ixracında Rusiya biganə qala bilməməkdədir. Həmçinin Azərbaycanı təsir altında saxlamaqla Azərbaycanın Türk dünyası ilə olan əlaqələrini zəiflətmiş və Türkiyənin Orta Asiya və Şimali Qafqaza təsirinin önünü ala bilmişdir. Digər tərəfdən İranın Azərbaycana olan maraqlarından və İranın Rusiyaya olan təsirini azaltmaq məqsədi ilə Azərbaycan hər zaman Rusiyanın maraq dairəsindədir.
Ermənistanın Rusiya ilə münasibətləri əsrlər boyu mövcud olmuş və 1990-cı ildən etibarən Ermənistan Rusiya üçün Cənubi Qafqazda əhəmiyyəti artmışdır. Bunun əsas səbəbi isə Azərbaycan və Gürcüstanın Qərb ölkələri ilə olan münasibətləridir. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin mövcud olması, Türkiyə ilə illərdən bəri irəli sürülən “erməni soyqırımı” məsələsi və torpaq iddiası ilə bağlı problemlərinin olmasından dolayı Ermənistan Rusiya ilə münasibətlərini inkişaf etdirmişdir. Rusiya ilə Ermənistan arasında əsas əlaqələr hərbi sahədə inkişaf etməkdədir. Ermənistan və Rusiya arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə başlayan hərbi əlaqələr Ermənistan sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasına dair 30 Sentyabr 1992-ci il tarixli müqavilə ilə ikitərəfli səviyyədə həyata keçirilməyə başlanılmışdır. Ermənistan və Rusiya arasında 21 oktyabr 1994-cü ildə imzalanan müqaviləyə əsasən Rusiyaya Gümrü və İrəvanda olmaqla iki hərbi baza qurmasına icazə vermişdir. 2010-cu il avqust ayında 1995-ci il Rusiya-Ermənistan ikitərəfli müdafiə müqaviləsini yenidən gözdən keçirərək Gümrüdə Rusiya hərbi bazasının icarə müddəti 2044-cu ilə qədər uzadıldı. Eyni zamanda müqavilənin mətni də dəyişdirildi. Belə ki, müqavilədə MDB ölkələrindən başqa digər ölkələrin Ermənistana hücum edəcəyi təqdirdə Rusiyanın müdafiəsini nəzərdə tutmaqdadır.