‘Rusiyaya gedən azərbaycanlıların hamısı həyatları ilə risk edirlər’ – Vəfa Quluzadə

SİYASƏT
12:05 14.10.2013
1937

“Burada əsas məqsəd miqrantların əllərindəki var-dövləti onlardan almaq və onları müflisləşdirməkdir”.

Xəbər verdiyimiz kimi, ötən gecə Moskvanın Qərbi Biryulevo rayonunda bir qrup rus milliyətçisi ilə miqrantlar arasında qarşıdurma olub. Buna səbəb “Biryuza” ticarət mərkəzində bir neçə gün əvvəl baş verən qətldir. Belə ki, miqrantlardan biri nişanlısının gözünün qabağında rus gənci bıçaqlayıb. Yerli millətçilər və slavyan futbol fanatları bu gün axşam saatlarında toplaşaraq hakimiyyət orqanlarından qatilin tapılmasını, habelə miqrantlara qarşı qəti tədbirlər görülməsini tələb ediblər.

Rusiya Miqrant Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.

Məsələylə bağlı AZXEBER.COM portalına danışan politoloq Vəfa Quluzadə baş verən hadisələrin azərbaycanlı miqrantların həyatı üçün təhlükəli olduğunu söyləyib:

“Rusiyada rasizm var, İslama qarşı nifrət var. Ora elə bir ölkədir ki, orada insanlığa qarşı mənfi nə axtarsan var. Hansısa bir cinayət hadisəsi baş verəndə cinayətkarı tutub cəzalandırmağın yerinə, miqrantlara hücum çəkirlər. Bu miqrantlara qarşı birinci təzyiq forması deyil. Bundan sonra da bu cür hadisələr olacaq. Ona görə, Rusiyaya gedən azərbaycanlıların hamısı həyatları ilə risk edirlər”.

Politoloqun fikrincə, Rusiyada baş verən bu hadisə hakimiyyətin miqarntlara qarşı təşkil etdiyi planın bir parçası da ola bilər:

“Təbii ki, bu iş özü də hansısa bir planın parçası ola bilər. Çünki özləri də yaxşı bilir ki, miqrantlardan nə istəsələr onlar onu verəcəklər. Burada da əsas məqsəd miqrantların əllərindəki var-dövləti onlardan almaq və onları müflisləşdirməkdir”.

Qeyd edək ki, iğtişaşların baş verdiyi Brulyova rayonunda xeyli sayda azərbaycanlı yaşayır. Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan Pokrov bazarı da bu rayonun ərazisində yerləşir. Həmin bazarda minlərlə azərbaycanlı çalışır.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR