Rüstəm İbrahimbəyov niyə geriyə addım atır? - AÇIQLAMA

SİYASƏT
15:33 07.08.2013
2394

Rüstəm İbrahimbəyov namizəd ola bilməz

Azərbaycanda prezident seçkisi yaxınlaşdıqca Milli Şura daxilində müəyyən suallar meydana gəlir. 

Belə ki, 2 iyun tarixində Milli Şuraya vahid namizəd təyin edilmiş Rütəm İbrahimbəyov yavaş-yavaş öhdəliklərindən boyun qaçırır. Son zamanlar geri addımları ilə gündəmə gələn kinodramaturq Rüstəm İbrahimbəyov bu dəfə yenə eyni mövzu ilə gündəmdədir. O, Bakıya gəlməkdən boyun qaçırır. Müsavat başqanı İsa Qəmbər Tiflis səfəri ilə bağlı “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, R İbrahimbəyov səfərdən qayıtdıqda onlarla birlikdə qayıtmalı idi. O zaman bu, Milli Şuranın düzgün qərarı olardı.

Müsavat başqanı müsahibəsində onu da əlavə edib ki, R. İbrahimbəyovun vahid namizəd kimi çıxış etməsi mümkündür, amma o, avqustun 15-dək qayıdarsa. Avqustun 15-ə sayılı günlər qaldığından ortaya bir sual çıxır. Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi olacaqmı? Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirdi ki, müxalifət tərəfi seçkilərdə vahid namizəd ilə çıxış edə bilməyəcək. Partiya sədri onu da qeyd etdi ki, R. İbrahimbəyovun seçkilərdə iştirak etməsi mümkün deyil. Əgər o iştirak edərsə, bu, konistitusiya qaydalarına zidd olacaq: “Mən həmişə demişəm ki, Milli Şura bir oyun layihəsidir. Bu oyunun əsas fiquru isə Rüstəm İbrahimbəyovdur. R. İbrahimbəyovun namizədliyi mümkün deyil. Əgər o, seçkilərdən 6 ay öncə ikili vətəndaşlıqdan imtina etsəydi, bu, mümkün ola bilərdi. İndiki halda onun namizədliyinin qəbul olunması qayda pozuntusudur, konistitusiyaya ziddir. O ki qaldı vahid namizəd məsələsinə, müxalifətin vahid namizədi olmayacaq. Buna səbəb müxalifət birləşmələrində olan şəxsi ambisiyalardır.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov mətbuata ikili vətəndaşlığı olmadığını bildirsə də, iyulun 4-də Rusiya vətəndaşlığından imtina etdiyini bəyan etmişdir.

OXŞAR XƏBƏRLƏR