Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürüldü

SİYASƏT
15:05 12.08.2013
1491

Milli Şura sədrinin təşəbbüs qrupu iclas keçirdi və medianın qarşısına çıxdı

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun toplantısı başa çatıb.

Toplantı yarım saatdan az davam edib və dörd məsələ müzakirə edilib. Tədbir mətbuata qapalı keçirilib. Bundan sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
ALP İcrayyə Komitəsinin sədri Elman Məmmədzadə Milli Şura sədrinin təşəbbüs qrupunun sədri olub. O, həmçinin təşəbbüs qrupunun MSK-dakı nümayəndəsi seçilib.
İclas barədə mətbuata məlumat verən Elman Məmmədzadə bildirib ki, yığıncaqda gündəlikdə olan dörd məsələyə baxılıb. Bunlar oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının prezident seçkiləri ilə bağlı təşəbbüs qrupunun yaradılması, təşəbbüs qrupunun MSK-ya nümayəndəsinin seçilməsi, prezidentliyə namizədin irəli sürülməsi və bununla bağlı bildirişin MSK-ya təqdim olunmasıdır. Gündəlikdəki dörd məsələ yekdilliklə qəbul edilib. Beləliklə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov prezidentliyə namizəd olaraq irəli sürülüb.
E.Məmmədzadə bildirib ki, iclasda seçki hüququ olan 153 vətəndaş iştirak edib və bu da təşəbbüs qrupunun yaradılması üçün yetərlidir. Qanunvericiliyə görə, təşəbbüs qrupunun yaradılması üçün yüz seçki hüququ olan vətəndaşın imzası lazımdır. Təşəbbüs qrupunun adı Milli Şuranın Təşəbbüs Qrupu adlandırılıb.

OXŞAR XƏBƏRLƏR