“AXCP sədri Əli Kərimlinin “SOROS” fondundan 110 min ABŞ dolları məbləğində vəsait alması ilə bağlı məsələlər bundan öncə də baş verib”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Sədr müavininin sözlərinə görə, Əli Kərimli öz nəzarətində olan müxtəlif qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə aldığı vəsaitləri mənimsəyib: “Bu, əslində maliyyə fırıldaqçılığına hesablanmış addımlardır. Təbii ki, bunun da qanuni yollarla araşdırılması məsələsi var”.
İnsan hüquq və azadlıqlarının qorunması məsələsinə gəldikdə isə, E.Mirzəbəyli vurğulayıb ki, Əli Kərimli avtoritar düşüncəli insandır: “Məlumdur ki, Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetində alternativ fikir söyləmək qeyri-mümkündür".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının " "Milli Şura”nın tərkibinin formalaşmasında ədalətsizliklər var və bu qurum ideal bir tərkibdə formalaşmır" fikrinə də aydınlıq gətirən siyasi şərhçi sözlərinə əlavə edib ki, İctimai Palata çərçivəsində də ayrı-ayrı şəxslər arasında mütəmadi olaraq vahid namizədlik məsələsi ilə bağlı problemlər var idi: “Milli Şura”da Arif Hacılının işarə etdiyi məsələ adıçəkilən bu qurumun siyasi hədəflərə malik olması və rusiyapərəsət mövqedən çıxış etməsidir. Əslində, bu ziddiyyət, Avropaya inteqrasiya məsələsi ilə bağlı müddəa bəyannamədən çıxarıldıqdan və yenidən əlavə edildikdən sonra yaranıb. Bununla da fikir ayrılıqları formalaşıb. İndi isə bu fikir ayrılıqları daha da dərinləşərək, özünü qabarıq şəkildə göstərir. Çünki həm Müsavat Partiyası, həm AXCP sədri Əli Kərimli, həm də Rüstəm İbrahimbəyov “Milli Şura” adından vahid namizəd olmaq iddiası ilə çıxış ediblər. Bu da faktiki olaraq, “Milli Şura” ideyasının tamamilə iflasa uğraması deməkdir”.