Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəddir.
AZXEBER.COM xəbər verir ki, Nahid Bağırovun adı Azərbaycan ictimaiyyətinə heç də yad deyil. Ancaq maraqlıdır ki, deputat olmaq istəyən və uzun illərdir ki, turizm sahəsində çalışan Nahid Bağırov haqda dünyanın ən məşhur bilgi ensiklopediyası hesab edilən "wikipedia”da heç bir məlumat yoxdur. Nəzərə alsaq ki, bu şəxs daha çox turistlərlə iş aparır və dünyada ən çox müraciət olunan saytlardan biri "wikipedia”dır, bu halda Bağırovun səhifəsinin olmaması başadüşülən deyil.
Nahid Bağırovun "google” şəbəkəsində adını axtarışa verəndə maraqlı faktlarla qarşılaşmaq mümkündür. Onun bu günə qədər əksər açıqlamaları turizmlə bağlıdır. Xüsusən, turizm polisi yaradılması təklifi bir müddət gündəmi zəbt etmişdi. Ancaq gənc namizədin ictimai-siyasi proseslərə reaksiyasızlığı diqqət çəkir. O bu mövzuda "susqun gənc” kimi tanınır.
Hazırda yerli medianın gündəmində olan və bir neçə saytda özünü təbliğ edən gənc kadrın nəyə görə məhz Saatlıdan namizədliyini verdiyi qeyri-müəyyəndir. Çünki faktdır ki, Saatlı turizm cəhətdən digər regionlarımız qədər potensiallı sayılmır. Namizədin özü də bu günə qədər Saatlı haqda xüsusi məqalə və yazı ilə çıxış etməyib.
Bəlkə də turizm bilicisi olan Nahid Bağırov Saatlını turizm mərkəzinə çevirə biləcək. Ancaq bunun üçün ilk növbədə Saatlı seçicilərinin rəğbətini qazanmaq lazımdır, bu isə rayonda çox az tanınan namizədlər üçün çox çətindir.
Nahid Bağırov müsahibəsində "Nəyə görə məhz Saatlı?” sualına belə bir cavab verir: "Bilirsiniz, Bakı çox gözəldir, çox inkişaf edib. Fəaliyyət sferamla bağlı dünyanın çox yerində olmuşam, o cümlədən, milyonlarla insanların görmək istədikləri şəhərlərdə. Tam əminliklə və səmimiyyətimlə deyirəm: onların böyük əksəriyyəti gözəlliyinə, təmizliyinə, infrastrukturuna görə Bakıya çata bilməzlər. Ancaq bir reallıq da var ki, Azərbaycan tək Bakıdan ibarət deyil. Mənim fikrimcə, biz iri şəhərlərdən daha çox, rayonlardan parlamentə seçilməyə can atmalıyıq ki, seçildiyimiz təqdirdə onların problemləri və qayğılarını qanunverici orqanlara çatdıraq, bir körpü rolunu oynayaq”.
Bu yerdə qeyd etmək yerinə düşər ki, Azərbaycanda tək Bakı şəhəri inkişaf etməyib. Digər şəhərlər: Gəncə, Şəki, Şamaxı, İsmayıılı, Qəbələ, Quba, Lənkəran, Qusar, Şəmkir, Sumqayıt da inkişaf tempinə görə geri qalmır. Gəncənin Avropa Gənclər Paytaxtı olmasını, Şəkinin "Unesco” Ümumdünya İrs siyahısına salınmasını buna misal göstərmək olar.
Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Nahid Bağırov özünü yeni faəliyyət istiqamətində sınamaq istədiyini deyir və geniş müsahibəsində platformasını açıqlamır. Ancaq digər iddialı namizədlər ilk olaraq platformanı açıqlayıb və hansı işləri görəcəyini deyib. Saatlı seçicisi üçün isə namizədin neçə xarici ölkədə olduğu yox, onlara nə kimi imkanlar yaradacağı maraqlıdır. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.
Sonda qeyd edək ki, 62 saylı Saatlı seçki dairəsindən bu günə qədər Cəlal Əliyev, Əhliman Əmirasovlanov və Əflatun Amaşov deputat seçilib. Cəmiyyətdə kifayət qədər nüfuzu olan bu şəxslərə Saatlı camaatı çox sans verməyib. Belə ki, Əhliman Əmiraslanov və Əflatun Amaşov 1 dəfə bu rayondan deputat seçilə biliblər. 5-ci çağırış millət vəkili seçilən Amaşov bu dəfə namizədliyini irəli sürməyib. Məhz bu səbəbdən də Nahid Bağırovun şansları yüksək qiymətləndirilir.
Ölkədə Prezident İlham Əliyevin apardığı islahatların fonunda Saatlı camaatının Nahid Bağırov kimi siyasətdə təcrübəsi çox olmayan şəxsə güvənib-güvənməyəciyinə isə fevralın 9-da aydınlıq gələcək.
Altay Qorxmaz