“Bu hadisənin arxasında hansısa qüvvələr dayanır”
Bu sözləri AZXEBER.COM-a açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı söyləyib.
Millət vəkili ötən gün Müsavat başqanı İsa Qəmbərin zona müşavirəsində iştirak etmək üçün Lənkarana gedərkən hücuma məruz qalmasını pisləyib:
“Böyük ehtimalla bu adamları kimsə təşkilatlandırıb və bu hadisəni törətməyə sövq edib. Azərbaycanın heç bir rayonunda hətta ən radikal adamlara belə bu cür münasibət bu günə kimi olmayıb. Ona görə, bu işi törətmək üçün həmin adamları tutublar. Təbii ki, İsa Qəmbərə qarşı edilən hücum Azərbaycanın xeyrinə deyil əleyhinədir. Bilirsiz ki, bu il seçki ilidir və narazılıq çoxalıb. Əgər bu cür hadisələr çoxalsa Azərbaycan üçün çox çətin bir dövr yaşana bilər”.
Xatırladaq ki, dünən Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. Lənkəran şəhərinin girişində 4 ədəd “QAZel” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq şəxsə rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar. Onlar “İsa Qəmbər, sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdıblar. Partiyanın məlumatında bildirilib ki, hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, Ülvi Quliyev isə döyülüb.
Əfsələddin Ağalarov












































