Bakı şəhərinin Sabunçu rayonunun adının dəyişdirilməsi təklif olunur.
Bu barədə APA-ya Sabunçu rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev məlumat verib: «Bu rayonun hazırkı adı orada olan qəsəbə və kəndlərin adına yaraşmır».
AZXEBER.COM portalı olaraq məsələylə bağlı sözügedən rayondan olan millət vəkilləri ilə əlaqə saxladıq.
26 saylı Sabunçu birinci seçki dairəsidən olan deputat Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında təkliflə tanış olduğunu, amma buna görə büdcədən əlavə vəsaitin xərclənməsinə ehtiyac olmadığını deyib:
“Mən bu təkliflə tanış oldum. Fikirləşirəm ki, bu gün bununla bağlı hansısa bir dəyişikliyə ehtiyac yoxdur. Yadımdadır ki, biz bundan öncə Dəvəçi rayonunun adını Şabranla dəyişdik. İndi də təklif edirlər ki, Sabunçunun adını dəyişək. Düşünürəm ki, bunun üçün büdcədən əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur”.
27 saylı Sabunçu ikinci seçki dairəsindən olan deputat Qalib Salahzadə də portalımıza açıqlamasında belə bir təşəbbüsə ehtiyac olmadığını söyləyib:
“Mən belə bir dəyişikliyə ehtiyac duymuram. Bu cür fikirləri irəli sürən adamlar Bakı kəndlərinin yerini, tarixini bilməyən adamlardır. Əvvəllər bu rayonun adı Lenin idi. Sonra dəyişdirib adını Sabunçu qoydular. İndi də deyirlər ki, dəyişək. Axı bu bizə nə verəcək? İnsanlarda qıcıq yaratmağa ehtiyyac yoxdur”.
Əfsələddin Ağalarov