“Şahdəniz-2” çərçivəsində tikinti işləri üçün iki böyük müqavilə bağlanıb

SİYASƏT
14:43 20.12.2013
1203

“Şahdəniz” konsorsiumu Xəzər dənizində “Şahdəniz” qaz yatağının “Mərhələ 2” çərçivəsində işlənməsinin tikinti işləri üçün iki böyük müqavilə bağlayıb.

AZXEBER.COM-un BP-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, birinci müqavilə “Səngəçal” terminalında “Şahdəniz Mərhələ 2” üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə müqavilədir.Bu müqavilə “Tekfen İnşaat” ve “Tesisat A.S.” və “Azfen BM” arasında yaradılmış “Tekfen-Azfen” alyansı ilə bağlanılıb. Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir: “Səngəçal” terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi; sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası; Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işləri.Bu müqavilənin dəyəri 998 milyon dollar təşkil edir. Bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.İkinci müqavilə isə “Mərhələ 2” üzrə nəzərdə tutulan iki platformanın, yəni hasilat və dikborular platformasının (ŞDB-HR) və yaşayış bloklu texnoloji təchizat platformasının (ŞDB-YBTT) üst modullarının inşası, barjaya yüklənməsi və eləcə də sözügedən platformaların dənizdə sazlanması və istismara verilməsi işləri üçündür. Bu müqavilə AMEC MMC, “Tekfen İnşaat” ve “Tesisat A.S.” və “Azfen” birgə müəssisəsindən ibarət “AMEC-Tekfen-Azfen” (ATA) konsorsiumu ilə bağlanılıb. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək. Bu müqavilənin dəyəri 974 milyon dollardır. Bu müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə isə başa çatdırılması planlaşdırılır.Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. “Şahdəniz Mərhələ 2” layihəsinin “Mərhələ 1”dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının “Mərhələ 2” işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. “Şahdəniz” qazı Türkiyə ərazisində “TransAnadolu” Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə “TransAdriatik” Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək.“Şahdəniz” konsorsiumu “Mərhələ 2” işlənməsi üçün yekun investisiya qərarını dekabrın 17-də elan edib. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən “TransAnadolu” Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan “TransAdriatik” Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.“Şahdəniz” tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10 %), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

OXŞAR XƏBƏRLƏR