‘’Şahdəniz’ Azərbaycan qazının Avropaya yolunu açacaq’ - Rövnəq Abdullayev

‘’Şahdəniz’ Azərbaycan qazının Avropaya yolunu açacaq’ -  Rövnəq Abdullayev
Bütün Xəbərlər
14:48 17.12.2013
702

"Şahdəniz" layihəsi Azərbaycan qazının Avropaya yolunu açacaq. Trend-in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan tarixi gündür.

Qeyd edək ki, sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

R.Abdullayev ölkənin bütün neftçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

O qeyd edib ki, layihənin həyata keçirilməsi zamanı ən müasir texnologiyalar tətbiq ediləcək, Azərbaycan qazını Avropaya tədarük edən boru kəmərlərinin ümumi uzunluğu təqribən 3,5 min kilometr təşkil edəcək: "Bu dəhliz Avropanın bir neçə nəsillərinə xidmət edəcək. Bundan başqa, biz TANAP layihəsində operator və iri investoruq, TAP-da isə iri investoruq".

ARDNŞ prezidentinin sözlərinə görə, "Şahdəniz" zəncirin ilk halqasıdır, Azərbaycanda qaz ehtiyatları isə təqribən 2,5 trilyon kubmetr təşkil edir: "Şahdəniz-2" layihəsinin reallaşdırılması nəticəsində 10 mindən artıq iş yeri, yeni infrastruktur obyektləri, o cümlədən gəmiqayırma zavodunda tikiləcək unikal gəmilər yaradılacaq".

OXŞAR XƏBƏRLƏR