Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur

Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
SİYASƏT
16:17 12.07.2025
455
"Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat deyib ki, media yarandığı gündən müsbət və mənfi anlamda fərqi yoxdur, bütün hallarda təsir aləti kimi çıxış edib: "Böyük dövlətlər isə ondan həm də xarici təsir aləti olaraq faydalanmağa çalışıblar və bu gün də eyni siyasət xeyli fərqli şəkildə davam etdirilir. Fərqli deyərkən bu gün medianın ayrı-ayrı dövlətlərin əlində ilk növbədə hibrid savaş alətinə çevrilmələrini nəzərdə tuturam. Rusiya burada digər dövlətlərdən onunla fərqlənir ki, hərbi gücdən istifadə edərkən, dəqiqlik, incəlik, ancaq hədəfi vurmaq kimi məsələlər unudulduğu kimi informasiya siyasəti də bu baxımdan çox fərqlənmir. Məhz bu cür kobud informasiya müdaxilələrinin, heç bir norma tanımamağın nəticəsidir ki, onlarla dövlət Azərbaycanda da bağlanan "Sputnik" agentliyinin fəaliyyətini qadağan edib. Həm də təkcə "Sputnik" yox, Rusiyanın RT kimi təbliğat və dezinformasiya resurslarına da Qərbdə qadağa qoyulub. ABŞ-da başladılan araşdırma onların çirkli pulların yayılmasından tutmuş təsir şəbəkələri formalaşdırmalarına qədər bir sıra qaranlıq fəaliyyətlərinin üstünü açdı”.

Sahib Alıyev qeyd edib ki, belə bir reallıq ortada ola-ola Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin bağlanmasını və orada jurnalist adı altında qanunsuz fəaliyyət göstərən iki xüsusi xidmət əməkdaşının həbsini söz azadlığına qəsd kimi qiymətləndirməsi, bununla bağlı beynəlxalq qurumlara çağırış etməsi adekvatlıqdan tam uzaq bir addımdır: "Ancaq çox təəssüf ki, biz son vaxtlar qonşu dövlətin bir çox strukturlarının da eyni davranışını görürük və ona görə də buna artıq elə də təəccüblənmirik. Bununla yanaşı onu da qeyd etməyi lazım bilirəm ki, əgər beynəlxalq qurumlar, xüsusən də insan haqları üzrə ixtisaslaşanlar son zamanlar Rusiyada qafqazlılara və Mərkəzi Asiyadan olanlara yanaşmada yol verilən ayrı-seçkiliyə, qətllə nəticələnən vəhşi davranışlara adekvat reaksiya versə idilər, bəlkə də ayıblarına kor olub Rusiya Jurnalistlər İttifaqı belə bir çağırış etməzdi”.

Deputat hesab edir ki, əgər Rusiya Jurnalistlər İttifaqını doğrudan da jurnalistlərinin taleyi narahat edirsə, onda azərbaycanlı Orxan Camal da daxil olmaqla onlarla qələm adamlarının qətlinə, Ukraynaya qarşı təcavüz başladılandan üzü bəri bununla razılaşmayan yüzlərlə jurnalistin isə həbsinə, ölkədən didərgin salınmalarına münasibət bildirməlidir: ‘Həmən qurumun jurnalist kimi təqdim etdiyi İqor Kartavıx və Yevgeni Belousova gəldikdə, onların sadəcə, sosial şəbəkədəki akkauntlarına baxmaq yetər ki, jurnalistikaya heç bir dəxilləri olmadığı üzə çıxsın. O da üzə çıxsın ki, Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir”.
OXŞAR XƏBƏRLƏR