Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib.
Bu barədə AZXEBER.COM-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində "Süni intellekt sahəsində təhlükəsizlik" mövzusunda "Aqaba Prosesi" çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.
Tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.
Sahibə Qafarova çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar və müasir innovasiyalar sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.











































