Aybəniz İsmayılova,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının
Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
Səni güllələyirlər, bazarda satırlar, didərgin salırlar, qürbətdə üstünə boya atıb, ləkələməyə, yox etməyə çalışırlar. Dəhşətli taledir, eləmi? Bunlar sadəcə heykələ edilənlərdir. O heykəlin insan, qadın taleyi də asan olmayıb.
Böyük fransız mütəfəkkiri Jan Jak Russonun bioqrafiyasını ifadə edən əsərləri diqqətlə oxusaq, bu kitablarda diqqətimizi çəkən bir məqam olacaq. Russonun yazdıqlarına görə, onun dövründə yüksək cəmiyyəti təmsil edən fransız qadınları evlərində intellektual görüşlər, sənət, ədəbiyyat söhbətləri təşkil edirdilər. Kübar fransız qadınları müasir filosoflar, yazıçılar və bəstəkarlarla sıx ünsiyyət qurur, onları evlərindəki dəvətlərə çağırıb, hörmət göstərirdilər. Zadəgan qadınlar bəzən maddi imkanları məhdud hesab edilən intellektuallara yardım edir, ev, mülk bağışlayırdılar. Bu hadisələrin baş verdiyi zaman kəsiyində Avropa yeni düşüncə, yeni dəyərlər partlaması, fransız fikir tarixi isə ən zəngin illərini yaşayırdı.
Azərbaycan isə oxşar dəyərlər, yeni fikir "bum”unu təxminən yüz il sonra yaşanmağa başlayacaqdı. Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov kimi mütəfəkkirlərin başlatdığı sekulyar, bəşəri, insanmərkəzçi ideologiyanın təsirləri bu görkəmli şəxsiyyətlərin müasirlərindən yan keçməyəcək, Azərbaycanda maarifçilik ideyalarının və intellektual hərəkatın əsasını qoyacaqdı. Viktor Hüqonun Volterin məzarı üstündəki çıxışında dediyi kimi: "on səkkizinci əsr başladacaq, on doqquzuncu əsr davam etdirəcəkdi”.
Həmin zaman kəsiyində Avropa mesenantlıq ənənəsindən geri qalmayaraq, intellektual və yaradıcı insanlara qayğını, belə şəfqətli, alicənab işi öz üstünə götürən qadın isə Qarabağın sonuncu şahzadəsi, Xurşidbanu Natəvan olacaqdı. Sarayını dünyavi mövzuların müzakirəsi, sənət, poeziya söhbətləri üçün ocağa çevirən zadəgan Xan qızı, şairə Natəvan "Məclisi-üns” poeziya məclisinə ev sahibəliyi edəcək, dövrünün yaradıcı şəxsiyyətlərindən maddi və mənəvi yardımını əsirgəməyəcəkdi.
Heykəli barədə danışdığım hadisələr isə Xan qızının öz taleyindən də yan keçməmişdi.
Qarabağ xanlarının yeganə varisi, atası Mehdiqulu xanın sarayının "tək incisi” Natəvan, hələ uşaqlıqdan öz zəkası, dillərə qarşı marağı, şahmat bacarığı ilə hər kəsi heyran edə bilirdi. Rus və fars dillərində sərbəst oxuyub-yazmağı bacaran gənc qız sənət aşiqi, musiqi, poeziya vurğunu idi. Bu, kifayət qədər gözləniləndi, axı Natəvan istedadlı şairə Ağabəyim Ağanın qardaşı qızı idi. Həmin Ağabəyim Ağa ki, Qarabağla münasibətlərin sabitləşməsi üçün İran şahına ərə getməli olmuşdu. Onun qəlbi daima Qarabağ həsrəti ilə döyünmüşdü, şeirlərində, bayatılarında hər zaman Şuşanın, Qarabağın gözəlliyini təsvir etmişdi. Ağabəyim Ağanın poeziyası sayəsində xarı bülbül çiçəyi Şuşanın, Qarabağın simvoluna çevrilmişdi. Natəvanın şeir, sənət vurğunluğu, Şuşa, Qarabağ sevgisi təsadüfi deyildi, mənsub olduğu xan nəslinin ənənəsi idi.
Həyat elə gətirdi ki, bu ecazkar qadının taleyi yaşadığı coğrafiyadakı çaxnaşmalar, böyük siyasi proseslərlə üst-üstə düşdü. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək, Rusiyaya birləşdirildi. Atası, sonuncu Qarabağ xanı Mehdiqulu xanın Rusiya Çarı ilə yaşadığı ziddiyyətli münasibətləri də nəticəsiz ötüşmədi. Qafqazda sabitliyi qorumağa çalışan Qafqaz canişini Vorontsov gənc Natəvanı çar generalı, kumık əsilli Xasay xan Usmiyevlə ailə qurmağa məcbur etdi. Natəvan hələ gənc yaşlarında ikən könülsüz evliliyə məcbur edildi.
Ərinin vəzifəsinin, əlaqələrinin verdiyi bu imkanlara baxmayaraq, həssas qəlbli şairə Natəvan Xasay xanı sevə bilmədi. Usmiyevdən boşanıb, birdəfəlik Şuşaya qayıtdıqdan sonra, Natəvan ikinci dəfə ailə qursa da, onun həyatının bu dövrü daha çox Qarabağa, doğulduğu və sevdiyi Şuşaya aid oldu.
Şuşa şəhəri on səkkizinci əsrin ortalarında, Natəvanın ulu babası Pənahəli xan tərəfindən Qarabağ əyalətinin ən hündür hissəsində salınmışdı. Şəhər böyüyərək, bölgə əhəmiyyətli, siyasi-iqtisadi-mədəni mərkəzə çevrilmişdi. Bu şəhər dahi azərbaycanlı şairlərin, yazıçıların, musiqiçilərin, aktyor və ziyalıların evi idi. Şuşa vokal məktəbi öz fərqli xüsusiyyətlərinə görə, "Qafqaz Konservatoriyası" kimi təsvir olunurdu.
Natəvan, mədəniyyət beşiyi hesab edilən bu şəhərin inkişafında, müasirləşməsində əvəzsiz rol oynamışdı. Onun işi Şuşada məktəblər, sənət ocaqları, su təsisatı qurmaqla bitmədi.
O özünün azad, müstəqil, sənətsevər həyatı, davranışları ilə yaşadığı Qarabağın qadınlarına nümunə, mənəvi güc vermiş oldu. Şeirlərində öz qadın taleyini sorğulayan, ədalət tələb edən Xurşidbanu, bir qadına imkan verilərsə, dövrünün ziyalısı, ictimai xadimi olmaqla yanaşı, həm də yaradıcı insanı kimi heç də kişilərdən geri qalmayacağını göstərdi.
Adətən insan, şəxsiyyət dünyasını dəyişəndə, onun hekayəti də bu ölümlə sona çatır. Ölüm belə, Xan qızının hekayətinə son qoya bilmədi.
Natəvanın ölümündən sonra onun doğma yurdu yenə böyük siyasi proseslərin içində çapalamağa başladı. 1917-ci il Oktyabr İnqilabından, Rusiya çarı devriləndən sonra, Natəvanın ölkəsi əvvəl Cümhuriyyət illərini yaşadı, sonra da Sovetlər Birliyində öz ömrünü davam etdi. Bu böyük qadının həyatı, yaradıcılığı ölümündən təxminən yarım əsr sonra detallı öyrənilməyə başladı. Ölümündən yarım əsr sonra Natəvanın şeirlər kitabı işıq üzü gördü, heykəlləri ucaldıldı.
Nəhayət, 1988-ci ildə Ermənistan və Azərbaycan arasında Qarabağa görə başlayan savaş yenə də, Natəvanın heykəlinin taleyi ilə çarpazlaşdı.


Bu vandallıq, heykəllərin kədərli taleyi Tom de Vaalın "Qara Bağ” kitabında da öz əksini tapdı:
"Şəhəri ələ keçirdikdən sonra ermənilər qisas aktına başladılar. Onlar Qarabağın görkəmli şəxsiyyətləri, bəstəkar və şairlərinin bürünc büstlərini sökərək, satdılar. Tiflisə aparılan heykəllər möcüzəli bir şəkildə oradan satın alınaraq, xilas edildi. Bürünc büstləri gözlərimlə görmüşdüm. Heykəllər Qırmızı Xaç cəmiyyətinin Bakıdakı qərargahının həyətində idi. Onlara baxanda, adamın ürəyi ağrıyırdı: başı yaylıqlı şairə Natəvan əlində güllələnmiş baş barmağı ilə sıxdığı kitabı tutmuşdu, bəstəkar Hacıbəyovun ikitaylı pencəyi güllədən deşik-deşik olmuş, eynəyi qırılmışdı, mütəfəkkirə oxşayan Bülbülün alnı qabağa çıxmışdı…”.

2016-cı ildə Belçika krallığının Vaterloo şəhərində şairə Xurşidbanu Natəvanın heykəli ucaldıldı. Azərbaycanlı şairənin Avropada ucaldılmış heykəli olduqca simvolik idi. Abidə, təxminən iki yüz il əvvəl doğulmuş görkəmli şairənin sərhəd tanımayan, bəşəri ideyaları, yaradıcılığının simgəsi idi. Ona baxanda anlamaq olurdu ki, Natəvan indi heykəl şəklində dünyanın hər yerini gəzə bilər. Bir il əvvəl, dekabr ayında mən şairənin bürünc büstünü Belçikada, Vaterloo kitabxanası yanında görəndə, qürur hissi keçirmişdim. Doğma şəhərindən minlərlə kilometr uzaqda, irəliyə baxan bu intellektual qadına qucaq açan bəşəri dəyərlər gözlərimi yaşartmışdı. Kədər hissi ilə bunu da başa düşürdüm ki, bürünc heykəl şəklində belə, o, evindən başqa hər yerə səyahət edə bilir.

Bəli, Şər hələ yox olmayıb. Ədalət hələ bərqərar olmayıb. Artıq 30 ildir ki, didərgin düşən təkcə Natəvan heykəli, ruhu deyil. Azərbaycan Respublikasının Qarabağ bölgəsinin azərbaycanlı sakinləri də doğma torpaqlarından qovulublar. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal ediləndə, Ermənistan Silahlı Qüvvələri 200 nəfəri vəhşicəsinə qətlə yetirib, yüzdən çox dinc sakini girov götürüb və 22000-dən çox azərbaycanlını doğma yurdundan didərgin salıblar.
Beynəlxalq ictimaiyyət Qarabağın işğal olunmuş torpaqlarını Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. 30 ildir azərbaycanlılar təməl hüquqlarından istifadə edərək, öz evlərinə qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycanın hər tərəfinə yayılmış məcburi köçkünlər, erməni qonşuları ilə barışmağa və əvvəlki kimi, birlikdə yaşamağa ümid edirlər.
Dünyada fiziki, maddi olan hər şeyi məhv etmək mümkündür. Abidələri, tikililəri, heykəlləri, bulaqları…amma mənəvi olanı məhv etmək mümkün deyil. Natəvanın izi Qarabağda, Şuşada təkcə tikdikləri, qurduqları ilə qalmayıb. Böyük şairə o gözəl diyarın tarixində həm də öz maarifçilik ideyaları və poeziyası ilə iz qoyub.
Sənətə, ədəbiyyata qarşı açılan bütün savaşlar isə uğursuzluğa məhkumdur. O, mütləq evinə qayədacaq.