Şahmat üzrə Azərbaycan millisi ikinci dəfə Avropa çempionu olub

İDMAN
17:21 18.11.2013
1252
Polşanın paytaxtı Varşavada şahmat üzrə keçirilən komandalararası Avropa çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görülüb.

Belə ki, Aleksandr Xalifmanın kapitanı olduğu yığmamız (Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2653), Rauf Məmmədov (2647) və Qədir Hüseynov (2607)) son turda Ermənistanla heç-heçə (2:2) edib. Nəticədə 37 ölkə arasında reytinqinə görə 6-cı olan komandamız 9 görüşdən 14 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olub. Aktivində 13 xalı olan Fransa 2-ci, eyni xala malik Rusiya 3-cü yeri tutub.Qadınların yarışında isə millimiz son turda Çexiya ilə qarşılaşıb və 1,5:2,5 hesabı ilə uduzub. 9 turda cəmi 8 xal toplayan Gülnar Məmmədova (2354), Zeynəb Məmmədyarova (2236), Türkan Məmmədyarova (2250), Xəyalə Abdulla (2255) və Nərgiz Umudovadan (2253) ibarət komandamız 31 ölkə arasında 20-ci olub.

OXŞAR XƏBƏRLƏR