Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan "Azərbaycanı xaricdə təmsil edən gənclər bayrağımızı səhv saldılar" adlı xəbər böyük rezonansa səbəb olub.
Xəbərə müxtəlif reaksiyalar gəlməkdə davam edir. Məlumat üçün bildirək ki, xəbərdə qeyd olunurdu ki, Azərbaycanı xaricdə təmsil edən gənclər bayrağımızı tərsinə tutub və ortaya qəribə mənzərə çıxıb.
Məsələylə bağlı AZXEBER.COM-la əlaqə saxlayan Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov qeyd edib ki, bayrağın belə tutulması texniki səhv olub: "Məncə texniki bir səhv ucbatından böyük bir qalibiyyətə kölgə salmayaq! Əvvəlki mövzuda qeyd olunanlarla heç də razı deyiləm. Çünki orda bayrağın rəngləri yox, ay və ulduzun yeri tərs tutulub. Əgər bunun bilərəkdən olduğunu düşünürsünüzsə ən az mənim qədər vətənim Azərbaycanı sevən hər bir vətəndaşımızdan üzr istəyirəm".Vüqar Hümbətov həmçinin qeyd edib ki, Azərbayan heyəti həmin müsabiqədə "Qran-pri"yə layiq görülüb: "Azərbaycan nümayəndə heyəti bütün MDB (СНГ) ölkələrinin də iştirak etdiyi festivalda xalq musiqimiz "Sarı gəlin"in möhtəşəm ifasına görə "Qran pri"yə layiq görülüb. Bir-birindən maraqlı ifalarına, rəqslərinə görə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Adı çəkilən müsabiqədə mənfur Ermənistan da təmsil olunurdu. Bu mənfur ölkənin, musiqimizə, mətbəximizə sahib çıxmaq istədiyi zamanda diqqəti texniki səhv ucbatından baş verən bir hadisəyə çəkmək məncə gərəksizdir. Musiqilərimiz "Sarı gəlin" , "Naz eləmə" , "Tərəkəmə" mətbəximizdən "Yarpaq dolması" , "Şəkərbura" , "Paxlava"nın layiqli təbliğinə görə şəkildə gördüyünüz gənclər Vətənimiz Azərbaycana "Qran pri", diplom, hədiyyələrlə geri dönüb. Məncə diqqətimizi bura yönəldək".AZXEBER.COM portalı müsabiqədən fotoları təqdim edir.