Son dövrlər süni intellekt texnologiyalarından istifadə etməklə saxta ödəniş çeklərinin hazırlanması yeni dələduzluq üsullarından biri kimi gündəmə gəlib.
Xarici görünüşünə görə real çekdən fərqlənməyən belə saxta sənədlər vətəndaşların aldadılması və ödənişin həyata keçirildiyi barədə yanlış təsəvvür yaradılması üçün istifadə oluna bilər. Bu isə xüsusilə alış-veriş və xidmət sahələrində həm vətəndaşlar, həm də sahibkarlar üçün risk yaradır.
Bəs süni intellekt vasitəsilə hazırlanmış saxta çekləri real çeklərdən necə ayırmaq olar və vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün hansı detallara diqqət etməlidirlər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, süni intellekt və qrafik redaktə alətlərinin inkişafı ödəniş sənədlərinin saxtalaşdırılmasını asanlaşdırıb:
"Süni intellekt və qrafik redaktə alətlərinin inkişafı ilə dələduzların ödəniş tapşırıqlarını, bank çeklərini, mədaxil orderlərini və transfer qəbzlərini vizual olaraq tam oxşar şəkildə saxtalaşdırması halları kəskin artıb. Bu üsul adətən təkrar bazar satıcılarını, onlayn xidmət göstərənləri və elan saytlarında məhsul satan şəxsləri hədəf alır. Dələduzlar alıcı cildinə girərək pulun köçürüldüyünü iddia edir və vizual olaraq real bank qəbzindən seçilməyən saxta görüntünü, yəni skrinşotu satıcıya təqdim edirlər. Süni intellekt vasitəsilə hazırlanan belə çeklərdə bankın loqosu, tranzaksiya kodu, tarix, saat və məbləğ dəqiq şəkildə yerləşdirilə bilər”.

Ekspert qeyd edib ki, vətəndaşların diqqət etməli olduğu əsas məqam təqdim edilən çekin görüntüsünə güvənməməkdir:
"Saxta çekləri real qəbzlərdən ayırmaq üçün birinci və ən vacib qayda qarşı tərəfin təqdim etdiyi heç bir şəkilə, PDF sənədinə və ya skrinşota güvənməməkdir. Vəsaitin hesaba çatması yalnız şəxsi mobil bank tətbiqinə daxil olaraq hesabın real balansını və son əməliyyatlar tarixçəsini yoxlamaqla təsdiqlənə bilər. Balansda pul görünmədiyi halda məhsul və ya xidmət heç bir halda təhvil verilməməlidir”.
E.Abbasov bildirib ki, dələduzlar vəsaitin gecikdiyini əsas gətirərək qarşı tərəfə psixoloji təzyiq də göstərə bilərlər:
"Dələduzlar tez-tez ‘pul sistemdə ilişib’, ‘fərqli bank olduğu üçün gecikir’ kimi ifadələrdən istifadə edərək qarşı tərəfi inandırmağa çalışırlar. Belə hallarda vəsait faktiki olaraq hesaba daxil olmayıbsa, heç bir halda məhsul və ya xidmət təhvil verilməməlidir. Pul hesaba oturana qədər gözləmək lazımdır”.
Onun sözlərinə görə, saxta çeklərdə bəzi vizual uyğunsuzluqları da müşahidə etmək mümkündür:
"Süni intellekt tərəfindən generasiya edilən çeklərdə diqqətlə baxıldıqda bəzən şriftlərin ölçüsündə, rəqəmlərin simmetriyasında, rəng tonlarında və ya bank loqosunun keyfiyyətində xırda təhriflər müşahidə olunur. Əməliyyat tarixi və saatı ilə təqdim olunan çekdəki vaxtın üst-üstə düşməsi də mütləq yoxlanılmalıdır”.
Ekspert vurğulayıb ki, xüsusilə böyük məbləğli əməliyyatlarda əlavə yoxlama aparmaq vacibdir:
"Böyük məbləğli əməliyyatlarda qarşı tərəf köçürmə etdiyini iddia edirsə, çekin üzərindəki unikal tranzaksiya ID-si, RRN və ya əməliyyat nömrəsi vasitəsilə bankın qaynar xəttinə zəng edərək köçürmənin həqiqətən icra olunub-olunmadığını dəqiqləşdirmək mümkündür. Rəqəmsal şəkillərin asanlıqla saxtalaşdırıla bildiyi indiki dövrdə təkcə ‘çek görüntüsü’nə güvənmək böyük kiber və maliyyə riski yaradır. Satıcılar yalnız öz bank hesablarında daxil olan vəsaiti gördükdən sonra əməliyyatı tamamlamalıdırlar”.
Fəridə Əsədzadə











































