“Şöbəyə gəlməmişdən əvvəl özünə xəsarət yetirib” - DİN-dən açıqlama

SOSİAL
12:55 27.04.2016
1324
Şirvan şəhər sakini Həcər Zeynalova oğlunun polis şöbəsində döyülərək işgəncə verilməsini iddia edir.
H.Zeynalov müraciət edərək bildirib ki, oğlu, 1979-cu il təvəllüdlü Ramil Zeynalov əvvəllər məhkumluq həyatı yaşayıb və 8 ay öncə cəzasını çəkib bitirdiyi üçün azadlığa buraxılıb: “Apreli 12-də səhər saat 10-da qapı döyüldü, gördüm bizim sahə müvəkkili Rəhim müəllimdir. Oğlum dedi “ana aç, görək nə məsələdi”. Qapını açdım arxasıyca 3 nəfər mülki paltarda adam içəri girdi. Ramil yatağında uzanırdı, onun qolunu burub yatağı axtarmağa başladılar. Atası da, mən də polislərdən soruşduq ki, axı Ramil nə edib? Dedilər axşam gəlib şöbədə öyrənərsiz. Uşağı təpiklə vura-vura apardılar. Axşam Şirvan şəhər polis şöbəsinə getdik. Orada bizə dedilər ki, hər şeyi boynuna alıb, nə etdiyini də məhkəmədə bilərsiz. Bizə başqa heç nə demədilər. Üç gün sonra Ramili Şüvəlan türməsinə təhvil veriblər. Sonra Ramil bizə oradan zəng edib hər şeyi danışdı. Dedi ki, onu polisdə o qədər döyüblər ki, huşunu itirib. Ayaqlarının altına o qədər vurublar ki, yeriyə bilməyib. Şüvəlanda Ramili qəbulu edəndə hər şeyi aktlaşdırıblar, yaralarının şəklini çəkiblər, ekspertizadan keçiriblər. Amma o fotoları bizə vermirlər”.
H.Abbasova qeyd edib ki, eyni cinayətlərlə bağlı saxlanılan 4 nəfər şəxs sərbəst buraxılıb: “Sonradan biz yenə Şirvan polisinə getdik, Ramilin işinə baxan Bəhruz adlı müstəntiq bizi qəbul etmirdi. Bir saatdan çox gözlədikdən sonra özümüz məcbur olub otağa girdik, müstəntiqin yanında başqa bir paqonlu adam var idi. O dedi ki, sizin oğlunuzu oğurluq olan evə mən aparmışam. Ramil deyirdi soyuducunu ağacın altından götürmüşəm, ev sahibi deyirdi soyuducu orda yox, evin arxasında olub. Ramil bir dəfə tutulub deyə döyüb onun boynuna qoyublar. Deyirlər guya, oğurladığı şeyləri Bakıya aparıb satıb. Bəs o boyda soyuducunu tək aparıb? Niyə bu iş üzrə tutulan 4 nəfər buraxılıb? Əgər oğlum oğurluq etmişdisə də, niyə onu döyüb o hala salırdılar? Mən anayam, bunlara dözə bilmirəm. Daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova da müraciət etmişik. Hələ ki, çağırıb bir söz soruşan yoxdur”.
R.Zeynalovun anası bildirib ki, oğlu həbsdən çıxandan sonra heç kim ona iş vermədiyi üçün qardaşı ilə evləri təmir ediblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında məsələyə aydınlıq gətirib.
DİN sözçüsü bildirib ki, Şirvan şəhər sakini Həcər Zeynalovanın törətmədiyi cinayətin guya, oğlu Ramilin zorla boynuna qoyulması, bu məqsədlə sonuncunun hətta fiziki təzyiqə məruz qalması barədə iddiaları həqiqətədən uzaqdır:
“Bu, oğurluq törətməkdə şübhəli bilinərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən şəxsi məsuliyyətdən yayındırmağa, ictimai rəydə onun günahsız obrazını yaratmağa xidmət edir.
Şirvan şəhər sakini B.Babayev ərizə ilə Şirvan ŞPŞ-yə müraciət edərək cari il martın 9-dan 10-na keçən gecə naməlum şəxs(lər) tərəfindən yaşadığı evinin həyətindən 1 paltaryuyan maşının, 1 ədəd samovarın və hindən 10 ədəd toyuğun oğurlandığıını göstərib.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Cinayət işi üzrə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, əvvəllər oğurluğa və narkotiklərin qanunsuz dövriyyəsinə görə iki dəfə məhkum olunmuş Ramil Zeynalov göstərilən məişət əşyalarını və toyuqları oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 320 manat məbləğində maddi ziyan vurub. Buna görə o, cari il aprelin 12-də şübhəli şəxs qismində tutulub. Daha sonra R.Zeynalov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Şirvan şəhər Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçisinin iştirakı ilə R.Zeynalovun şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılıb. O, ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərərək oğurluq əşyaları istintaq orqanına təqdim edib. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, R.Zeynalovun digər anoloji cinayətlərdə iştirakı nəzərdən keçirilir.
R.Zeynalova guya, fiziki təzyiq göstərilməsinə gəlincə, o zaman qeyd etməliyəm ki, 12.04.2016-ci il tarixdə polis əməkdaşları tərəfindən ŞPŞ-yə dəvət olunan zaman onun sol, sağ qollarında və boyun nahiyəsinin bir necə yerində yaralar və cızıqların olduğu müəyyən edilib. R.Zeynalov izahatında həmin yara və cızıqların əmələ gəlməsini möhkəm əsəbiləşdiyinə görə evdə özünə xəsarət yetirməsi ilə izah edib. O, bu məsələ ilə əlaqədar şikayət etdiyi üçün həmin xüsusatlar hazırda şəhər prokurorluğunda araşdırılır”.
///“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR