Səbinə Babayeva Avropanı valeh etdi

MƏDƏNİYYƏT
17:43 31.05.2012
3060
Azərbaycan Avropanın ən böyük musiqi bayramı – “Eurovision 2012” müsabiqəsinin parlaq yekununu və ölkəmizin nümayəndə heyətinə müsabiqənin ilk beşliyində şərəfli yer qazandıran Səbinə Babayevanın əlamətdar nəticəsini bayram edir. Avropa cəmiyyətinin rəğbətinin nümunəsi olan “Marcel Bezençon Award” mükafatını bu il İsveçdən Lorin və Azərbaycandan Səbinə Babayeva aldılar. “Eurovision” müsabiqəsinin yaradıcısının adı ilə adlandırılmış bu mükafat 10 ildən artıqdır ki, bəstəkarlar, televiziya şərhçiləri və akkreditasiya olunmuş mətbuatın rəyinə əsasən ən yaxşı ifaçılara verilir. Jurnalistlərin səsverməsinə görə Azərbaycanın mahnısı ən yaxşı mahnı seçilmişdir.Son 10 il ərzində “Eurovision” müsabiqəsində belə bir ənənə yer almışdır ki, müsabiqəyə ev sahibliyi edən ölkələr öz vətənlərində ifaçıların fəal dəstəklənmələrinə baxmayaraq, heç də həmişə yüksək yer tutmurlar. Belə ki, məsələn, Almaniya 2011-ci ildə öz vətənində 10-cu yeri , Norveç 2010-cu ildə 20-ci yeri, Rusiya 2009-cu ildə Moskvada 10-cu yeri, Serbiya 2008-ci ildə 6-cı yeri, Finlandiya 2007-ci ildə 17-ci yeri qazanmış, Yunanıstan isə 2006-cı ildə 9-cu olmuşdur.Müsabiqənin tarixi müddətində cəmi bir neçə ölkə öz vətənində qalibiyyət əldə etmişdir, bu o zamanlardır ki, iştirakçıların sayı indikinə nisbətən 2-3 dəfə az, “Eurovision” müsabiqəsinin qaydaları isə belə çox ciddi deyildi. “Eurovision 2012” müsabiqəsinin yekunlarına görə Odlar Yurdu daha bir status - müsabiqənin bütün tarixi boyu ən parlaq və uğurlu debütçülərdən biri statusunu qazandı. Azərbaycan 2008-ci ildə “Eurovision” yarışmasında 8-ci yerlə debüt etmiş və Düsseldorfda unudulmaz qalibiyyət də daxil olmaqla, 5 il ərzində bir dəfə də olsun TOP-10-dan (son 4 ildə isə TOP-5-dən) aşağı enməmişdir. Müsabiqə iştirakçısı olan ölkələrdən heç biri 5 il ərzində bu cür nəticə göstərməmişdir.Azərbaycanın müsabiqədə iştiraka hazırlığı hər il çoxsəviyyəli mürəkkəb layihəyə çevrilir. İldən –ilə burada Azərbaycanın ən yaxşı musiqiçilərindən və Avropanın təcrübəli prodüserlərindən, dizaynerlərindən, bəstəkarlarından, tərtibatçılarından, klipmeykerlərindən, müxtəlif sahələri təmsil edən müəllim və mütəxəssislərindən ibarət böyük komanda çalışır. Bütün bu illər ərzində Azərbaycanın “Eurovision” iştirakçılarının hazırlığı və prodüser işinə Ukraynanın “Euromedia” və “Lüksen” şirkətləri cavabdehlik daşıyırlar. Komandanın işinin arxasında “Eurovision” haqqında nəhəng biliklər toplusu (2004-cü ildə müsabiqədə Ukraynanın qələbəsindən başlayaraq), habelə müsabiqənin 2005-ci ildə Kiyevdə təşkili təcrübəsi və ardıcıl şəkildə 5 il Azərbaycan nümayəndə heyətinin tərkibindəki fəaliyyəti dayanır. Məhz buna görə, ölkəmizin ifaçıları keçilmiş yollarda büdrəmir, hər şeyi yenidən və kor-koranə başlamırlar. Dəyişməz olaraq keyfiyyətli mahnıya, musiqi nömrəsinə, habelə ifaçının yaradıcı hazırlığı üzrə dəqiq işə üstünlük verilir.Nəticə özü artıq hər şeyi deyir – finalda ən yaxşıların onluğunda ardıcıl olaraq 5-ci yer, TOP - 5 –də 4-cü yer. Müsabiqənin müasir tarixində heç bir ölkə 5 il ərzində bu cür ümumi nəticə göstərməmişdir.2012-ci ildə Səbinə Babayevanın çıxışının uğur qazanmasının təminatı onda idi ki, güclü bənzərsiz səsə malik olan peşəkar müğənni üçün Azərbaycan musiqi motivlərinin populyar Avropa musiqisinin ən aktual tendensiyaları ilə unikal şəkildə ahәnglәşdiyi son dərəcə gözəl bir mahnı seçilmişdi (daha dəqiq desək, xüsusilə Səbinə üçün yazılmışdı). Muğam əfsanəsi Alim Qasımovun iştirakı , habelə ifaçının səhnə geyimi üzərində inanılmaz mənzərəli proyeksiyanın istifadəsi ilə təkrarsız səhnə nömrəsi mahnını tamamladı.“When the music dies” mahnısının isveçli bəstəkarlarından biri Stefan Orn (yeri gəlmişkən o, ötən il bizə qalibiyyət qazandıran “Running Scared” hitinin yaradılmasında da iştirak etmişdir) demişdir ki, mahnının ideyası onun Səbinə ilə şəxsi tanışlığından sonra yaranmışdır. Səbinə onu ilhamlandırmış və musiqi dilində bu lirik hekayə dünyaya gəlmişdir. Mahnının yazılışında Azərbaycanın milli musiqi alətləri: kamança, tar, habelə azərbaycanlı musiqiçilərin ifasında davul və qavalın perkussiyasından və əfsanəvi ifaçı, fəxrimiz Alim Qasımovun ifasında inanılmaz dərəcədə gözəl və orqanik muğam xallarından istifadə edilmişdir. Bundan əlavə, “Eurovision” həftəsi çərçivəsində Avropa tamaşaçılarına mahnının Azərbaycan dilindəki, etnik, caz və akustik versiyaları da təqdim edilmişdir.Azərbaycanın ifası kiminsə əvvəllər istifadə etdiyi (çox zaman ifaçılar məhz belə edirlər) ifa tərzini təkrarlamırdı, o, dekorasiya və effektlərin miqyasına və miqdarına istiqamətlənməmişdi. Doğrudur, “Eurovision” müsabiqəsində ilk dəfə istifadə edilən Səbinənin paltarı üzərindəki bu proyeksiya yüksək dәqiqliklә iki HD-proyektor, Avropanın ən yaxşı studiyalarında işlənib hazırlanan video-dizayn və uzun aylar boyunca hazırlıq tələb etmişdi. Amma nəticədə bu qeyri-adi effekt tam mənası ilə mahnının əhval-ruhiyyəsi ilə çulğaşır, onun hekayəsini ifadə etməyə , səhnədə xüsusi atmosfer yaratmağa yardımçı olur, beləliklə, tamaşaçının diqqətini yayındırmır (çox zaman olduğu kimi), əksinə, onu süjetə cəlb edərək ifaçının emosiyalarına şərik çıxmağa nail olurdu.“Crystal Hall“un səhnəsinə çıxdığı paltar olmasaydı, Səbinə Babayevanın səhnə obrazı bu qədər parlaq olmazdı. Səbinə geyimi özündə dəbdəbəni və sadəliyi birləşdirmişdi: ağ şifon və açıq rəngli saçaqdan haşiyələr, ağlasığmaz dərəcədə gözəl ətək, qar kimi ağappaq lələklər və bir neçə min “Swarovski” kristalları və qaşları. Paltar xüsusi olaraq proyeksiya ilə iş üçün yaradılmışdı – proyeksiya şüası onun üzərində sanki kətandakı kimi “When the Music Dies” mahnısından mənzərələr çəkirdi.Paltarın yaradıcısı – isveç dizayneri – Lars Vallin həm də İsveçin kral ailəsi üçün çalışır. Lars öz əl işlərində cazibədarlıq, dəbdəbə və nəfis biçimi birləşdirir. Kutyurye daima isveç kronşahzadəsi Viktoriyanın qarderobunu yeniləyir. O, gözəllik sahəsində dünya əhəmiyyətli əksər tədbirlərdə, məsələn, “Dünya Gözəli”, “Kainat gözəli” və “İsveç gözəli” müsabiqələrində çalışmışdır. Yeri gəlmişkən, Lars Vallin artıq bir neçə ildir ki, azərbaycanlı ifaçılarla əməkdaşlıq edir. 2009-cu ildə o, Aysel və Araş üçün kostyumlar tikmiş, 2011-ci ildə isə “Eurovision” müsabiqəsinin qalibləri - Eldar və Nigarın səhnə kostyumlarını hazırlamışdır.Peşəkar ifaçıdan, mahnı və təqdimatdan əlavə, Avropanın tamaşaçı kütləsinin ifaçı haqqında danışması da çox mühümdür. Bu məqsədlə Səbinə “Eurovision” müsabiqəsinə hazırlıq çərçivəsində Londonda, Amsterdamda, Brüsseldə, Budapeştdə və Valetdə keçirilən əsas tədbirlərdə iştirak etməklə yanaşı, həm də doğma torpağımızda jurnalistlər və dostluq nümayəndələri üçün qonaqpərvər qəbul təşkil etmişdir. Final öncəsi cəmi bir həftə ərzində Azərbaycan təmsilçisi Norveç və Türkiyə səfirlərinin qəbulunda çıxış etmiş, müsabiqənin rəsmi açılışında qırmızı xalı üzərindən keçmiş, mətbuat nümayəndələrinin iştirakı ilə öz vətənlərində və ətraf ölkələrdə hiper - populyar olan “Jedward” dueti ilə görüşmüş, habelə əfsanəvi Britaniya ifaçısı Engelbert Hamperdinklə şəxsən tanış olmuş və hətta onunla duet oxumaq imkanını müzakirə etmişdir.Doğma Bakı Caz Mərkəzində Səbinənin Serbiya, Malta, Türkiyə, Gürcüstan ifaçılarının iştirakı ilə canlı caz gecəsi əhval-ruhiyyəsinə görə “Eurovision 2012” müsabiqəsinin ən yaxşı gecələrindən biri adlandırılmışdır.Şənbə gecəsi bütün ölkə və bütün Avropa böyük həyəcanla televiziya ekranlarından və onlayn yayımlardan nəzərlərini ayırmadığı zaman son sıçrayış qalmışdı. Artıq hər şey yalnız ifaçıdan və onun tamaşaçıların qəlbinə necə yol tapa bilməsindən, yüksək vokal və peşəkar hazırlıq göstərməsindən və əlbəttə, zaldakı on minlərlə seyrçi siması və yüz milyondan artıq televiziya tamaşaçısı qarşısında emosional cəhətdən nə dərəcədə güclü olmasından asılı idi. Səbinə bunu bacardı! Böyük bir komanda işinin kulminasiyası – üç dəqiqəlik çıxış və on dəqiqələrlə sürən nəticə gözləntisi. Nəhayət – layiqli qiymətləndirilmənin sevinci, verilən qiymət üçün Avropaya minnətdarlıq, təbrik sözləri və qucaqlaşmalar. Uğurlar, Azərbaycan!

OXŞAR XƏBƏRLƏR