"Seçkilər yeni mərhələnin başlanğıcı olacaq " – Deputatlar danışır

SİYASƏT
14:05 23.12.2014
1289
Millət vəkili Aydın Mirzəzadə bu gün səhər saatlarında səsvermədə iştirak edərək səs verib. 
AZXEBER.COM-a bu barədə danışan deputat deyib ki, o, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının YAP-dan məşvərət hüquqlu üzvü kimi bələdiyyə seçkilərini müşahidə edir.
Deputat bildirib ki, səhər saat 7:45-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 11 saylı məntəqəsində olub: “Seçkiyə hazırlıq prosesini izlədim. İşin təlimatlara uyğun olmasıyla maraqlandım. Saat 8 radələrində məntəqədə ilk seçicinin səs verməsini izlədim. Bu, Lökbatan qəsəbə sakini Elnarə Əliyeva idi. Məntəqədə 1492 nəfər seçici qeydiyyatdadır.
Sonra 8:25-də həmin dairənin 2 saylı məntəqəsində də oldum. Orada 1342 nəfər seçici qeydiyyatdadır. Həmin vaxta 30 nəfər seçici səs vermişdi. Gün ərzində növbəti məntəqələrdə də müşahidələrimi aparacağam. Məntəqələrdə kameralar quraşdırlıb. Seçicilərin səs verməsi üçün bütün şərait yaradılıb. Hesab edirəm ki, bu seçkilər Azərbaycanda demokratik proseslərin, bütövlükdə ölkədə bələdiyyə institutunun formalaşmasında, güclənməsində və inkişafında yeni bir mərhələ olacaq”.
Millət vəkili Məlahət Həsənovanın AZXEBER.COM-a verdiyi məlumata görə, o, səhər saatlarında ailə üzvləri ilə birlikdə səsvermədə artıq iştirak edərək səs verib: “Mən səsimi səhər erkən ailə üzvlərimlə seçki məntəqəsinə gedərək vermişəm. İndi isə seçki məntəqələrində, dairələrində müşahidəçi kimi seçki prosesini izləyirəm. Mən YAP-ın Nəsimi Rayon Təşkilatının sədri olaraq bütün gün ərzində seçki məntəqələrində olaraq seçki prosesini izləyəcəyəm. Hər kəsi seçkilərdə aktiv iştirak etməyə çağırıram. Azərbaycanda bələdiyyələrin inkişaf etməsi prosesində bu seçkinin əhəmiyyətini yüksək qiymətləndirirəm”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev AZXEBER.COM-a bildirdi ki, o səsvermədə səhər saatlarında iştirak edərək səs verib. Rəhbərlik etdiyi partiyanın da seçkilərdə iştirak etdiyini söyləyən müsahibimiz ölkədə keçirilən növbəti bələdiyyə seçkilərini normal dəyərləndirdi.
Orxan
OXŞAR XƏBƏRLƏR