Noyabrın 5-də Bakı Avropa liseyində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Namiq Quliyevin əziz xatirəsinə həsr olunmuş 3a2 sinif şagirdləri tərəfindən liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər Mirzəyevanın təşkilatçılığı ilə "Zəfər əmanəti” adlı anım tədbiri keçirilib.
AZXEBER.COM xəbər verir ki, Namiq Quliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Ailəsinin tək övladı olmasına baxmayaraq könüllü şəkildə ön cəbhədə döyüşüb. 2020-ci il noyabrın 5-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
II Fəxri xiyabanda dəfn edilib.
Vətən qarşısında xidmətləri və döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Anım tədbirində şəhidimizin həyat və döyüş yolundan bəhs edən "Günəş boyda dünya” filmindən fraqmentlər nümayiş etdirilib, şagirdlər tərəfindən hazırlanan videoçarxlar təqdim olunub. Vətənə, qəhrəmanlığa və Zəfərə həsr olunmuş şeirlər səsləndirilib, şagirdlər 44 günlük müharibənin tarixi, xalqımızın birliyi və Oodumuzun şanlı qələbəsi haqqında məlumatları tamaşaçılarla bölüşüblər.
Tədbirin hər bir anı şəhidlərimizin bizə əmanət qoyduğu zəfərin dəyərini, azadlığın və Vətən sevgisinin müqəddəsliyini bir daha xatırladıb. Xüsusilə balaca Namiqin səhnədə səsləndirdiyi müraciət tədbirə kövrək və mənəvi baxımdan xüsusi məna qatıb. Bu, qəhrəmanlarımızın adının gələcək nəsillər tərəfindən yaşadılacağına bir işarə olub.
Tədbirin sonunda şəhid Namiq Quliyevin əziz xatirəsini əbədiləşdirmək məqsədilə liseyin həyətində onun adına ağac əkilib və xatirə lövhəsi qoyulub. Əkilən ağac şəhidimizin adının daim yaşamasının, gələcək nəsillərə ötürülən qəhrəmanlıq mirasının rəmzinə çevrilib.
"Zəfər əmanəti” yalnız bir anım tədbiri deyil, həm də şəhidlərimizin bizə miras qoyduğu müqəddəs dəyərlərə sədaqətin, Vətən sevgisinin və tarixi yaddaşın yaşadılması nümunəsi oldu.
Bizə Zəfəri əmanət qoyan qəhrəmanlarımızı unutmadıq, unutdurmayacağıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin





























































