Dünyada metro faciələrində kütləvi qırğınlar çox olub. Lakin Bakı metropiliteni, Ulduz stansiyasında 28 oktyabr 1995-ci ildə baş vermiş qəza, qurbanların sayına görə "Ginnesin Rekordlar kitabı”na düşmüşdü. Qəzada rəsmi mənbələrə görə, 289 nəfər həlak olmuşdu. Yanğının səbəbi elektrik nasazlığı hesab olunsa da, sabotaj ehtimalı da var idi.
Ömür səhifələri qapanan, arzuları yarımçıq qalan, doğmalarına əbədi könül yarası vuran o metro faciəsi qurbanlarından biri də Məmmədov Sərvan Hüseyn oğlu idi.
Sərvan 1962-ci il oktyabın 30-da Qərbi Zəngəzurun Nüvədi kəndində doğulub boya-başa çatmışdı. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirərək, təyinatla Bakı Avia-aqreqat zavodunda mühəndis-proqramist olaraq çalışırdı.
Elə o müdhiş gecədə, sözügedən müəssisədən çıxaraq Ulduz metrosuna minib yeganə oğlu, 3 yaşlı Kənana özünü çatdırmaq istəyirdi.
Bu, Sərvanın işdən son çıxışı idi. İstismar müddətini başa vurmuş vaqonlarda elektrik naqillərinin qısa qapanmasından yaranan yanğın yüzlərlə insanın həyatına son qoydu.
İdman cüssəli Sərvan, başını götürüb qaçmağı yox, dəm qazından huşunu itirmiş insanları xilas etməyi seçdi.
Şahidlərin sözlərinə görə, növbəti yaralını metronun çıxışına gətirəndə artıq taqəti tükənmişdi, çünki dəm qazı artıq öz işini görmüşdü. Elə metronun çıxışındaca Sərvan gözlərini əbədi olaraq yumur.
İstər tələbəlik illərində(1981-86), istərsə də gənc mütəxəssis kimi çalışdığı müəssisədə ictimai fəaliyyəti ilə, milli ruhda çıxışları ilə, vətənpərvər təşəbbüsləri ilə yoldaşlarından və həmkarlarından həmişə seçilirdi.
Sərvan azadlıq aşiqi, vətən sevdalısı, insanlığın vurğunu olan, təəssübkeş və dostluğa çox önəm verən bir adam idi.
Onun- "Dost sözü çox ağır və məsuliyyətli məvhumdur" kəlamı hamının idealına çevrilmişdi.
Sovet imperiyasının, azadlıq ideyalarını beşiyindəcə qanına qəltan etmək prinsipi Bakıdan əvvəl Tiflisdə 1989-cu ilin aprelində həyata keçirildi.
O qanlı olayda 20 nəfər Gürcüstan vətəndaşı öldürüldü. 1990-cı ilin mart ayında "Şəhitlərdən şəhidlərə" şüarı ilə, sovet imperiyasının cəllad siyasətinə etiraz əlaməti olaraq və gürcü xalqına həmrəyliyin simvolu olaraq 3 nəfər Azərbaycan vətəndaşı Bakıdan Tiflisə piyada yürüşə çıxdılar.
Onlardan biri də avia-aqreqat zavodunun gənc mütəxəssisi Sərvan Məmmədov olmuşdur.
Ruslan Babayev