Son günlər bəzi kütləvi informasiya vasitələrində Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı açıqlama verib.
AZXEBER.COM-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi bununla əlaqədar bildirib ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil.
Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib. Ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.
Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.
Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur. Onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.
Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib.