Şəhriyar Məmmədyarova niyə pul ayrılmır? - "Şah"ı "mat" edən səbəblər

SOSİAL
14:39 27.08.2018
9088

"Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir?Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Heyif ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”.


Belə bir açıqlama ilə dünyanın ən güclü şahmatçılarından biri - ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov çıxış edib. Şəhriyarın sosial şəbəkə hesabında yazdığı bu status cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

 

AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq, mövzu ilə bağlı qısa araşdırma aparıb.

 

Şəhriyar Məmmədyarov kimdir?

 


 

O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.

 

Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıt şəhərində anadan olub. Sumqayıtda 23 nömrəli orta məktəbi bitirib. 1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.

 

Qələbəni həyat tərzinə çevirən bacı-qardaşlar…

 

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç beynəlxalq qrossmeysteri var: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.

 

Zeynəb Şəhriyardan 2 yaş böyükdür. 18 yaşadək qızlar arasında dünya, 18 yaşadək qızlar arasında Avropa çempionudur. Türkan Şəhriyardan 4 yaş kiçikdir. 14 yaşadək qızlar arasında Avropa çempionu, qadınlar arasında ikiqat Azərbaycan çempionu.

 

Hər iki bacı dünyanın ən güclü qadın şahmatçıları arasında yer alır.

 

Bir zamanlar onların sponsoru var idi: Gülağa Qəmbərov

 

Məmmədyarovlar şahmatda ilk addımlarını atanda onların sponsoru var idi. Bu şəxs Rusiyada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tənha ləqəbli Gülağa Qəmbərov idi. Hazırda onun Məmmədyarovlarla hər hansı bağlılıqları barədə dəqiq məlumata malik olmasaq da, Tənhanın "Vikipediya” hesabında onun Zeynəb və Türkan bacılarına sponsorluq etdiyi barədə informasiya hələ də yer alır.

 

Burada haşiyəyə çıxaraq bildirək ki, Gülağa Qəmbərov əslən Masallı rayonunun Ərkivan kəndindəndir. 59 yaşlı sahibkar hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olur. Moskvadakı "Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.

 

Şəhriyara niyə sponsor tapılmır: Səbəb, yoxsa nəticə?

 

Reallıq ondan ibarətdir ki, ölkəmizin adını dünya miqyasında tanıdan Şəhriyar pulsuzluqdan şikayət edir və buna hələ ki, Azərbaycan Şahmat Federasiyası rəsmi münasibət bildirməyib. Şahmat Federasiyasından söhbət düşmüşkən. Xatırladaq ki, bu federasiyanın hazırki prezidenti ölkəmizin "baş bankiri” Elman Rüstəmovdur. Bundan öncə quruma Aynur Sofiyeva və Eldar Namazov rəhbərlik edib. Aynur Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. Eldar Namazov isə hazırda qeyri-aktiv siyasi fəaliyyətlə məşğuldur.

 


 

Qeyd edək ki, ölkə şahmatında olan problemlər şahmatçıların özləri tərəfindən dəfələrlə gündəmə gətirilsə də, bu yöndə ciddi addımlar müşahidə olunmayıb. Şəhriyardan öncə ölkəmizin tanınmış şahmatçıları dəfələrlə bu problemlərlə əlaqədar etiraz bildirsələr də, hətta bəziləri konkret olaraq federasiya rəhbərliyini sərt tənqid etsələr də, federasiya rəhbərliyi yalnız susqunluq nümayiş etdirib.

 

Şəhriyar isə yəqin ki, bu sükutu pozacaq və Elman Rüstəımovun rəhbərlik etdiyi Şahmat Federasiyası bu məsələyə aydınlıq gətirməli olacaq. Əgər ölkənin adını yüksəklərə qaldıran bir idmançı ehtiyac üzündən pula görə öynayırsa, bu bütün hallarda araşdırılması tələb olunan mövzudur.

 

Sonda xatırladaq ki, Azərbaycan peşəkar şahmatçılarının sayına görə, dünyada ilk yerlərdən birini tutub. Hələ sovetlər dönəmində 13-cü dünya çempionu, milliyətcə erməni olan Harri Kasparov şahmat sahəsində əldə etdiyi uğurları ölkəmizdə yaşadığı zamanlarda əldə edib.

 

Hazırda İtaliyada yaşayan gənc şahmatçı Mirağa Ağayev İtaliya mediasında "şahmat dahisi”, "şahmatın şahı” kimi təqdim edilir.

 

Son illərdə isə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov, Aynur Sofiyeva, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və digər peşəkar şahmatçıların hesabına öz mövqeyini daha da artırıb.

 

// Azər Niftiyev, 
AZXEBER.COM

 

OXŞAR XƏBƏRLƏR