"Kaş ki, həmişə uşaq qalaydım. Ən böyük dərdim dizimdəki yaram olaydı”. Zaman burulğanında çox şeylər öyrənsək də, hər birimizin daxilində uşaqlıq nostalgiyası yaşayır.
AZXEBER.COM məşhurların uşaqlıq vərdişəri ilə bağlı onların aiə üzvlərinin, dostlarının mətbuatda dərc olunan fikirlərinə əsasən araşdırma yazısını təqdim edir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi ilk dəfə məktəbə anası, görkəmli ədib Nigar Rəfibəyli aparıb. Rəsul Rza və Nigar Rəfibəyli kimi ədiblərin ailəsində dünyaya göz açan Anarın məktəb həyəcanı nə təhər olubsa, anasından möhkəm yapışıb və onu buraxmırmış. Hətta bir dəfə bəyəndiyi şəkli oğrulayıb da.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin uşaqlığı Lənkəranın Cil kəndində keçib. Riyaziyyat və digər dəqiq elmlərdən əziyyət çəkən gələcək Şeyx humanitar fənlərə meylli imiş. Uşaq yaşlarından ərəb və fars dillərində olan sözləri gözəl tələffüz edirmiş. Rəsmə, təsviri incəsənətə xüsusi maraq göstərib.
İkiqat dünya çempionu tituluna sahib olan yeganə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov uşaq yaşlarında futbola xüsusi maraq göstərib. Günün yarıdan çoxunu həyətdə uşaqlarla futbol oynamaqla keçirən Şəhriyar "Real Madrid” komandasının fanatı imiş. Cığallığı da varmış. Top onun olduğu üçün pas ötürməyənləri oyundan çıxarırmış.
Taekvondo üzrə dünya çempionu Füzuli Musayev uşaq yaşlarından idmana meylli olsa da, davakar olmayıb. Yalnız ona sataşanla "haqq-hesab” çürüdərmiş. Gəncədə böyüyən idmançıya ailəsi də dəstək olub. Dostları deyir ki, Fizuli divara yumruq vurmağı sevərmiş. Nə qədər qəribə görünsə də, qarmonda da ifa edərmiş. Kasıb ailədən olan Füzuli iradəsi və əzmkarlığı sayəsində qələbəni ayağına gətirməyi bacarıb.
Xalq artisti Faiq Ağayev uşaq vaxtı çox dəcəl olub. İpə-sapa yatmayan Faiq fiziki cəhətdən cılız görünsə də, davadan qalmazmış. Anası Hacı Səfiyyə xanım mətbuata açıqlamasında bildirir ki, Faiqi o özü üçün dünyaya gətirib.
Xalq artisti Aygün Kazımova uşaqlıqda idmanla məşğul olub. Hələ uşaq yaşlarından tərs olan Aygün iddiasından geri çəkilməzmiş. Valideynləri istəmirmiş ki, Aygün müğənni olsun. Lakin o bu məsələdə təkib edib. Qərarında qəti olan Aygünü valideynləri uzun müddət danışdırmayıb.
Azər Niftiyev,
AZXEBER.COM
AZXEBER.COM