Səməni, saxla məni

KÖŞƏ
16:42 28.03.2017
3331

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri 

Təkcə insanların deyil, fəsillərin də doğuluş günləri var. İyunun 22-si ilin ən uzun gündüzü - yayın doğum günüdür. 

Sentyabrın 22-si - ötüb keçmiş yayın doğum günü - payızın ilk günüdür. Dekabrın 22-də - ilin ən uzun gecəsində qış girir. Payızın axır aylarında baş alıb gedən cilovsuz küləklər qış günlərində daha da şiddətlənir. Gündüzlər qısaldıqca qısalır, gecələr uzandıqca uzanır. "Qara bax, qara, gör necə yağır”... 

Qapıları kip bağlı eyvanlarda qar yığımları, troleybusların, maşınların təpələrində ağ qar papaqları, budaqları ağırlaşdırıb əyən qar yükləri... Buz bağlamış səkilər. "Dərsə gedən bir uşaq” buz üstünə çıxır... Küləklərin acı qırmancı, qardan ağarmış gecələrin göynədici sazağı, axşamın erkən çağında qarışan şər, tutqun səhərlərin gec durulub aydınlaşan toranlığı - bütün bunlar hamısı - yay səmasının göz işlədikcə işləyən ənginliyini, qızıla-zərə tutulmuş payızın yumşaq həzinliyini uzaq xatirələrə çevirir. İlin bu fəsli elə bil başqa mövsümlər kimi, üç ay deyil, daha çox çəkir, uzandıqca uzanır, bitib qurtarmaq bilmir. Amma yaşıl, zərif bir ümid təki, ağır-ağır qış yuxusundan oyanan torpaq kimi təqvimin bir yarpağı yaxınlaşır - 22 mart - gündüzlə-gecənin tarazlaşdığı gün, ötüb keçən qışla son vida günü - baharın doğum günü. Min illərin dibindən qaynayıb gələn bir ənənəylə xalqımız bu günü bayram edir. Şərəfli və məşəqqətli tariximizin, keşməkeşli keçmişimizin ən ağır, dözülməz, iztirablı çağlarında belə bu gün xalq ruhunda, xalq yaddaşında, xalq məişətində ilıq bir fərəhlə, kövrək bir ümidlə, ürkək bir gümanla bağlı yaşayıb. Kasıbların ən kasıbı da ayından-oyundan bir şey düzəldib süfrə açıb. Küsülülərin ən tərsi, inadcılı da bəhanə tapıb barışıb, bu çağacan üzünə bağlı qapıları açıq görüb, "xoş gəldin”, "xoş gördük”, "xoş günün olsun” eşidib.

Gəlinlərin ən pintisi belə bayır-bacanı səliqə-sahmana salıb, silib-süpürüb, kişilərin ən tənbəli "qeyrətə gəlib” divarını, barısını əhəngləyib ağardıb. Bu gün qonşu-qonşuya olanından pay göndərib, tanıyan tanıyanı, tanımayan tanımayanı təbəssümlə salamlayıb, itkisi, dərdi olan bir günlüyə də olsa ağrısını-acısını ovudub. Bu gün hamı bir-birinə "bayramın mübarək - deyib, neçə belə bayramlara çıxasan” - deyib.

Səməni, saxla məni
İldə göyərdərəm səni.

Körpəlikdən qulaqlarımızda sırğa olmuş sözləri hər bahar, masalarımızın üstünü bəzəyən, kiçik-böyük boşqablarda cücərib baş qaldıran yaşıl alova - od topasına baxarkən yenidən xatırlayıram və düşünürəm ki, bu sadədil şeirin, ən ibtidai "səni-məni” qafiyəsinin içində dərin bir hikmət gizlənir və bu hikmət yaşadığımız günlərdə necə də müasir, təzə-tər, yerində deyilmiş ifadə kimi səslənir.

İnsan güclüdür, qüdrətlidir, hünərlidir, amma həm də bəşəriyyətin ta ilkin çağlarından bəri zəhmli, qorxunc, izahsız dünya qarşısında, həyat və ölüm müəmması qarşısında acizdir, köməksizdir, tək-tənhadır. İnsanın min dostu, yüz havadarı, əzizi ola bilər, amma ölmək məqamında təkdir, yalqızdır, yardımsız və həyansızdır. Taleyin gözlənilməz sınaqları zamanı onun gözü, qəlbi bir imdad yeri, bir ümid çırağı, güman yolu axtarır, qulaqları harayına hay verənin səsini gözləyir. Yəqin elə bu cür zəiflik anlarında insan ilahi qüvvələrə pənah aparıb. Amma bütün allahlardan, bütlərdən, ehram və məbədlərdən daha qabaq insan təbiətdən kömək umub, ona sığınıb, ona tapınıb. Bəşər zəkasının ilk oyanış dövründə insan heç vaxt üzünü görmədiyi allahlara yox, hər gün gördüyü günəşə, oda, torpağa, ağaca, ota inanıb, onlara sitayiş edib.

Xəzəl olub tökülən viranə bağların qış ölüm yuxusundan sonra yazbaşı yeni doğuluşunu müşahidə edən insan öz ömrünün də müvəqqəti olduğuna inanmaq istəyib, yenidən diriləcəyinə, dirçələcəyinə, yer altında çürüməyib cücərərək yer üzünə təzədən qayıdacağına inanıb. Elə buna görə də xalqımız səmənini ölümsüzlüyə sübut və işarə bilib, rəmz bilib - torpağın, yenidən oyanışın, ölüb-dirilib, gömülüb baş qaldıran, gedib qayıdan əbədi həyatın yaşıl rəmzi... Ona görə də xəfif, həzin bir yalvarışla: Səməni saxla məni - deyib.

Amma xalq onu da dərk edib ki, torpağın insanı saxlaması üçün insan da torpağı qorumalı, əzizləməli, bəsləməlidir. Torpağın nazını çəkməlidir... Torpağa incə, aşiqanə bir nəvazişlə: ildə göyərdərəm səni - deyə vəd verməlidir. Həm də bu, yalnız yaşanılan günün, saatın, məqamın keçəri, ötücü haqq-hesabıyla düşünən zirək bir vədəxilafın etibarsız sözü yox, anamız torpağın əbədi ömrünə sadiq qalan övladın dəyişməz əhdi olmalıdır. Bu vəd bir ilin, bir dövrün, bir əlverişli şəraitin yalançı öhdəliyi deyil; insanın torpaq, bərəkət, gələcək nəsillər qarşısında pozulmaz andıdır: ildə, yəni hər il, hər hansı zəmanədə, göyərdərəm səni... Dövrün bütün keşməkeşləri içində torpağa borcunu qaytarmağa həmişə hazır olan insan heç vaxt bu torpağın insafsızcasına istismar olunmasıyla barışmaz, torpağı yormaz, usandırmaz, verə biləcəyindən qat-qat artıq pay ummaz ondan. O sevdiyi, doğma, əziz bildiyi torpağı elmin hansı nəhs saatdasa yaratdığı zəhərlərlə zəhərləməz, təbiətin köhnə bazarına təzə nırx qoymaz, onu bildiyi kimi, ağlına batdığı kimi dəyişdirməz - çayı çaylığında, meşəni meşəliyində, dənizi dənizliyində qoyar qalsın. Köçəri quşları qərib, yurdsuz-yuvasız quşlara çevirməz, balıqları didərgin salmaz, ceyranları cəlayi vətən etməz.

Təbiətin, torpağın səbri böyükdür, amma tükənməz deyil. Təbiət babaların, ataların özbaşınalığını qisassız qoymur, amma bu hayıfı nəvələrdən, nəticələrdən çıxır.

Səməni bizi saxlamağa - əbədi saxlamağa, ömrümüzü həmişə bəzəməyə, bərəkətimizi kəsməməyə hazırdır, bir şərtlə ki, biz də onu hər il göyərdək, hər il zəhmətinə qatlaşaq. Uşaq məsumluğu, uşaq sadədilliyiylə köklənmiş bu qədim sətirlərdə ən böyük müasir ekoloji problemin məğzi yaşayır.          

lll

Xalqın sifətini, milli mənliyini müəyyənləşdirən nədir? Onun tarixi taleyi, coğrafi mövqeyi, dili, əmək vərdişləri, sevdiyi, seçdiyi, bacardığı peşələr, doğma torpağının ətri, günəşinin hərarəti, çaylarının gücü, zəmilərinin bərəkəti, yeraltı və yerüstü sərvətləri, sənət, gözəllik anlayışları, zövqləri, göz açıb gördüyü ağaclar, bitkilər, çiçəklər, alışdığı xörəklər, ədviyyat, bəyəndiyi boyalar, xoşladığı rəqslər, çalıb oxuduğu musiqi, qoşduğu sözlər, şeirlər, laylalar, ağılar, tapmacalar, daşdan yonub tikdiyi, düzdüyü, süslədiyi yaşayış yerləri, daha nə bilim nələr, nələr... Dədə Qorqud demişkən, saymaqla tükənsə olmaz. Bir də bayramlar. Novruz bayramı - xalqımızın ən qədim dünya anlayışlarıyla, əməkçi insanların zəhmət mövsümləriylə, torpağın şumlayıb həyat mayasının qəbul etməyə hazır olmasıyla, qapıların, pəncərələrin insanlara, günəşə, havaya taybatay açılmasıyla bağlı bayramdır. Əməkçi həyatının, əkinçilik məişətinin ən dərin qaynaqlarından doğulmuş bu bayramı əsrlər boyu din xadimləri, müxtəlif təriqət nümayəndələri, siyasət ideoloqları, onun həqiqi köklərindən ayırmağa çalışırlar, ona dindarlıq, mövhumat libası geyindirməyə cəhd etmişlər, el gözəlləri kimi onu da siyah çadralara bürümək ya adını belə unutdurmaq, yasaq etmək istəmişlər - amma heç vaxt, heç kim bu bayramı xalqın əlindən ala, dilindən çıxara, qəlbindən, zehnindən qopara bilməyib. Çünki bu bayram xalqın təməl keyfiyyətlərini əks edir - ümidlə yaşamaq ehtiyacını, sevincə, bərəkətə, gələcəyə nisgilini, sədaqətini, etibarını, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, ülfət, mehribançılıq, dostluq duyğularını. Əlbəttə, bütün bu keyfiyyətlər başqa xalqlara da məxsus olan dəyərlərdir və ona görə də Novruz bayramı - bizim bayramımız olduğu kimi, həm də beynəlmiləl bayramdır. 

Bahara sevinən, yazın gəlişini gözləyən adamların bayramıdır. Yadımdadır, Moskvada oxuduğum illərdə təhsil yoldaşlarımız müxtəlif xalqların nümayəndələri - ruslar, yəhudilər, ukraynalılar, gürcülər və digərləri martın 22-də baharın ilk günündə məhz bizi - azərbaycanlıları təbrik edərdilər, məhz bizim tələbə süfrəmizin başına yığışardılar. Biz də fəxr edirdik ki, bu ilk bahar günü dostlarımıza məhz biz süfrə açırıq və həmin süfrədə nə olmasa da Bakıdan göndərilmiş sovqatlar, yamyaşıl səməni - baharın maketi, boyanmış yumurtalar, əlvan şamlar hökmən olasıydı. Yaşıl səməni bizim tərəflərdə çöllərə yaşıl çəkmiş yazın nəfəsini gətirirdi otağımıza, əlvan şamlar içinə üzərlik atılan uzaq tonqalların şöləsiydi elə bil, rəngbərəng yumurtalar leysan yaz yağışlarından sonra üfüqdən-üfüqə sarınmış Nənə qurşağının bütün çalarlarına boyanmışdı... 

Hərəmiz öz yurdumuzdan-yuvamızdan, doğma şəhərlərimizdən söz açardıq, hamımıza mehriban məskən olmuş Moskvadan söz açardıq, hər xalqın mərasimlərindən, bayramlarından, adət-ənənələrindən, ayinlərindən danışardıq, ədəbiyyatdan, sənətdən, şeirdən danışardıq. Yeseninin Xəzər dalğalarına, Bakı baharına, Balaxanı mayına həsr etdiyi misralarını xatırlayardıq. Dostlarımıza deyərdik ki, iki min kilometr məsafədən o yana, bəmbəyaz şam meşələri, ucsuz-bucaqsız çöllər, zirvələri bulud köpüklərində itən sıra dağlardan o tayda - Azərbaycanımızda bu günlər bahar hərarətiylə buğlanan torpaqdan ilk bənövşələr başlarını qaldırıb, ürkək-ürkək günəşə sarı boylanırlar və bugünkü görüşümüzdən dörd əsr qabaq yaşamış dərdli sənətkar - Aşıq Qurbani həmin bu bənövşələr haqqında ölməz sözlər deyib:

Ayrılıqmı çəkmiş boynu əyridir
Heç yerdə görmədim düz bənövşəni. 

Neçə il bundan qabaq idi o Novruz görüşlərimiz. O yaz günləri. Ömrümüzün də yaz günləri, gənclik illəri idi. Payız pərişan xatirələr fəslidirsə, yaz tükənməz ümidlər, qaytansız arzular bir-birindən qəribə niyyətlər fəslidir.

lll

Torpağın, həyatın, planetimizin yaşıl ciyərlərinin rəmzi olan səməniyə inanaq. Bizi hər bəladan hifz edəcəyinə, hər fəlakətdən qoruyacağına, müsibətlərə düçar olmayan Yer kürəmizdə həmişə bizimlə qalacağına və deməli, bizi - insanları da saxlayacağına inanaq və ona qəti söz verək:

Səməni, saxla məni 
İldə göyərdərəm səni...

OXŞAR XƏBƏRLƏR

X Mostbet