Bu gecə Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.
"OKA" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Şəmkirdə baş verən yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub. Bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları - 5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.
Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, 7 yaşlı Nihadın vəziyyətinin normal olduğu bildirilir. Avtomobilin sürücüsü və bir uşaq sərnişin qəzada xəsarət almayıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
///APA