Xəbər verdiyimiz kimi, bu gün Şəmkir rayonunda baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZXEBER.COM-un sorğusuna cavab olaraq xəsarət alanların hazırkı vəziyyəti ilə bağlı məlumat verilib.
Bildirilib ki, səhər saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
"Yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.
2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir”.
Qeyd edək ki, Qəza "Mercedes Sprinter” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb.