Şən, amma hazırcavabsız oğlanların Şuşasından "Buta"çılara cavab

Şən, amma hazırcavabsız oğlanların Şuşasından "Buta"çılara cavab
SOSİAL
12:03 24.01.2022
3652

Bu fotoları Şuşada çəkmişdim.

Sıldırım qayalara dırnaqları ilə qalxan, əlləri barut qoxan Turacın, Rüfətin, Seymurun, Mehman XTQ-nin Şuşasından.


 

Hər evi üçün güllə sıxılan, hər küçəsi üçün qan axıdan, canımızın yandığı Şuşadan.

Nə gözəl olardı. Çəkdiyim fotoların bir də dili olsaydı.

Olsaydı danışardılar. Yalansız, palansız olanı olduğu kimi deyərdilər.

Deyərdilər ki, bax bu çəpərin o tayındakı evi almaq üçün Mehman yaralandı. Rüfət yaxınındakı dostuna dəyən, qolunu parça-parça edən güllə yarasının üstünə öz əlini basdırıb saatlarca gözlədi. Elə ona görə də bu divara adlarını qazıyıblar.


 

Digər foto da arxadan səslənsə, birincinin sözün kəssə. Desə ki, sən nəyi qoyub, nəyi deyirsən? Bax bu "Xurşovka"nı görürsən? Onun altında uşaqları pusquya saldılar. Yorulmuşdular, amma dırnaqları ilə sıldırımı elə bil yenidən atladılar. Heç bilmədim necə oldu. Bir göz qırpımında pusqunu yardılar.

Necə yardılar, necə ev-ev Şuşanı qaytardılar, onu danışsalar.

Sonra şən, amma hazırcavabsız uşaqların cəsarəti qarşısında dili topuq vursa fotoların.

Kaş, tək fotoların yox, onların da dili topuq vursaydı. "Şuşa" yerinə "Buta"nı seçdikləri yerdə.

Amma zaman göstərəcək.

Göstərəcək ki, tarix şən, hazırcavab, amma cəsarətsizləri danışmır.

Tarix şən Turacın, Rüfətin, Seymurun, Mehman XTQ-nin cəsarətini danışır, danışacaq.

Biz də baxacağıq. Baxıb fotolara yenidən köks ötürəcəyik.

Tarixə də bir əsgər salamı verərək.

 
Müəllif: Əfsələddin Ağalarov
OXŞAR XƏBƏRLƏR