Sənətçi dostları Səyavuş Aslandan danışdılar - FOTOLAR

Sənətçi dostları Səyavuş Aslandan danışdılar -  FOTOLAR
MƏDƏNİYYƏT
16:50 27.06.2013
3970

Xəbər verdiyimiz kimi, bu gün tanınmış aktyor Səyavuş Aslanovla Aərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil edilib. Vida mərasimində aktyorun sənət yoldaşları, tanınmış mədəniyyət xadimləri və ailə üzvləri iştirak etdilər.

AZXEBER.COM-a açıqlamalarında mərhumun sənət yoldaşları Sabir Məmmədov, Elxan Rəhimli , Rəfael və Coşqun, Əjdər Həmidov, Sadıqov Rafiq, Nicat Kazımov, Sevinc Əliyeva, Rüfet Nəzərov və başqaları hər biri eyni fikirdə idi. Onlar Siyavuş Aslanın Azərbaycanın kino sahəsinə böyük töhvələr verdiyini və bunun heç kim tərəfindən əvəz oluna bilməyəcəyini vurğuladı. Xalq artistinin sənətçi dostlarının fikirlərini təqdim edirik: 

Sabir Məmmədov: “Mən Səyavuşun ölümünü itki yox, son dərəcə ağır itki adlandırıram. Səyavuş bir iki sənətkarın görə bilmədiyi bir işi görərək tarixə öz adını yazdırdı. Bu cür ustadın dünyasını dəyişməsi Azərbaycan üçün böyük zərbədir. Mən düşünürəm ki, təkcə biz yox bizdən sonra gələn nəsil belə Səyavuşu sevəcək, ona qəlblərində böyük sevgi bəsləyəcəklər”.

Əjdər Həmidov: “Səyavuş Aslan çox böyük aktyordur. Aramızda kifayət qədər yaş fərqinin olmasına baxmayaraq biz onunla dost idik. Biz onunla bir səhnəni bölüşmüşük. Mən onu təkcə aktyor kimi yox, həmdə bir insan kimi heç vaxt unutmayacam. O son zamanlar yaman kövrək olmuşdu. Tez-tez məni heç kim ziyarət etmir deyə şıxışlar edirdi. Düzdür müəyyən qədər haqlı idi. Amma mən onu hər zaman ziyarət etmişəm. Hətta Semaşka, Patandart xəstəxanasında yatanda da ziyarətə getmişdim. Başqalarını bilmirəm, amma mən onu heç vaxt unutmamışam və aktyorlar həmişə onun yanında olublar”.

Sadıqov Rafiq (Mədəniyyət və İncənət Universitetinin pro-rektoru): “Bu, faciədir, ağrıdır, böyük itkidir. Xüsusən sənət adamlarının həyatdan köçməsi insanlarda çox pis əhval yaradır. Məyusluq hissinə səbəb olur. Amma hər halda cəmiyyət inkişaf edir. Düşünürəm ki, gələcəkdə ölkəmiz bu cür dahi şəxslər formalaşdırmağa qadirdir”.

Nicat Kazımov: “Biz Səyavuş müəllimi uşaqlıqdan sevə-sevə izləyirdik. Mən də bunu sadəcə ağır itki adlandıra bilirəm. Təəssüf hissi ilə deyə bilərəm ki, Azərbaycan daha bir tapıntısını itirdi”.

Sevinc Əliyeva: “ Bİz onu heç vaxt unuda bilməyəcəyik. Çünki o Azərbaycan üçün, Azərbaycan kinosu üçün çox böyük töhvələr verdi. Onunla o qədər çox xatirələrim var ki, təəssüf olsun ki, indi bunları danışası vəziyyətdə deyiləm. Başımız sağ olsun.

Coşqun İskəndərov: “ Aktyor elə bir varlıqdır ki, insanlar ondan yalnız öyrənə bilər. Biz də ondan yalnız öyrəndik. O bizə təkcə film sahəsini deyil, həmdə insanlığı öyrətdi. Çünki o təkcə aktyor deyildi, o həmdə gözəl insan, yaxşı şəxsiyyət nümunəsi idi”.

Rüfet Nəzərov: “ Biz gənc aktyorlar olaraq onu hələ kiçik yaşlarımızdan seyr edirdik. Hələ balaca olandan onun filmləri ilə böyüdük. Sevə-sevə onun filmlərindəki obrazları parodiya etdik. Bu gün onun vəfatı çox böyük itkidir. Təəssüf olsun ki, bu cür ölüm hallarının qarşısıalınmazdır.

Qeyd edək ki, Azərbaycan teatr və kino tarixində əvəzsiz xidmətləri ilə yadda qalan, realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu bu gün səhər saatlarında dünyasını dəyişdi. Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulmuşdu. Aktyorluğa həvəskar kimi dram dərnəyindən fəaliyyətə başlayan aktyor 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü, 25 iyun 2013-cü ildə "Şərəf" ordenininə layiq görülmüşdür.

Ağır sürən xəstəlikdən sonra bu gün 27 iyun 2013-cü ildə Bakıda vəfat etib.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR