Afaq Şıxlı
SƏNİ GÖZLƏMİŞƏM
Qəlbim sızlayanda bir yad elində,
Səni gözləmişəm, bəlkə də səni...
Ölüb getməmişəm cəllad əlində,
Səni gözləmişəm, bəlkə də səni...
Səadət yarıda atıb gedəndə,
Gəncliyim zamansız itib gedəndə,
Min insan yanımdan ötüb gedəndə,
Səni gözləmişəm, bəlkə də səni...
Hər dərdə, möhnətə baş əyəndə də,
Yolları xalıtək döşəyəndə də,
Buz kimi nəfəsdən üşüyəndə də
Səni gözləmişəm, bəlkə də səni...
Üstümdə şimşəklər çaxılanda da,
Qəriblik başıma qaxılanda da,
Təklikdən ürəyim sıxılanda da
Səni gözləmişəm, bəlkə də səni...
Kədərin, nisgilin qəm ocağında,
Qürbətin bu soyuq, qış qucağında,
Bir sirli məhəbbət üçbucağında
Səni gözləmişəm, bəlkə də səni...