Türkan Turan
Televizoru açdım, səs boşluğunu doldursun, heç olmasa otaqda tək deyiləm ovqatı yaratsın deyə. Halbuki televizora nə baxırdım, nə də səsin eşidirdim. Oturub key nəzərlə divara baxırdım. Heç nə hiss etmirəm, içimdəki qəribə ağrıdan başqa... Saçlarımda dən, ürəyimdə illərin yorğunlu, kürəyimdə yük, üzümdə zamanın yaratdığı qırışlar, həyatımın durğun dönəmi və balaca qız.
Bu yaşda bu cür ağrıya necə düşdüyümü və necə qurtulmalı olduğumu düşünürəm. Mələkdir, şeytandır, xeyirdir, şərdir, nədir, bilmirəm. Anidən gəlib. Plansız, zamansız. Heç düşünmədiyim halda həyatımda bu nə sürpriz idi?! O qədər çox düşünürəm ki, yaxşı və ya pis surpriz olduğunu belə müəyyənləşdirə bilmirəm.
Onlarla ölkə gəzdim, minlərlə insan tanıdım, beləsini görmədim. Onlarla yerdə işlədim, onlarla insanla dil tapdım, onlarla münasibətimə müxtəlif ad qoydum, təkcə bunun adını qoya bilmirəm. Sadəcə bir dəfə gördüm, tutuldum. Bəzən bu yaşadığım hissi sevgi adlandırıram, sevinirəm ki, yaşımın bu çağında ilk dəfə, bu hissi mənə Allah verdi. Amma daha əvvəl belə hiss yaşamadığım üçün geriyə baxıb nələri itirdiyimi görəndə, dəhşətə gəlirəm. Varlığı məni valeh edir. Yerişi başqadır. Davranışı fərqlidir. Gözəldir, cəlbedicidir, sehrinə düşürəm. O, adını qoymadığım “nəsə”dir. Sanki bu günə qədər yarımçıq yaşamışam. Sanki bir tərəfimdə hər zaman boşluq olub və boşluğum onunla tamamlanıb. Dəlidir, çılğındır, komplekssizdir, dilədiyini istədiyi kimi yaşayır. Heyrətlənirəm. Qarşımda oturur, sadəcə susuram. Həyatımda yeganə içindən çıxa bilməyəcəyim vəziyyətin içindəyəm. Nə təcrübəm, nə ağlım, nə məntiqim onu çözməyə yetmir.. Dayanmadan incidir, əsəbləşirəm. Artıq ona yazmayacam deyirəm, amma bu sadəcə bir neçə saat çəkir. Bir neçə saatdan sonra, gəl yazma görüm, necə yazmırsan?! Dostlarım, bəzən hansısa qadına dayana bilmirəm deyib, ona yenildiyində qınayırdım. Amma işə bax, heç ummadığım bir vaxtda özüm yenilməyimi seyr edirəm. Qarşısında dilim-ağzım bağlanır. Susanda bir cür, danışanda başqa cür dəli oluram. Balaca kimi baxdığım qızın, hər gün həyatımda bu cür fırtınalar qopartmasının necə mümkünlüyünü düşünürəm. 22 il evli oldum, amma bu cür hisslər yaşamadım. Bəlli bir yaşda, insan geriyə boylanır, geriyə dönmək istəyir. Adətən bu 40 yaşdan sonra baş verir. Yaşamadıqlarını yaşamaq, etmədiklərini etmək istəyir. Ancaq onun varlığı ondan öncəki hər şeyi yox edib. Geridə qalanlara baxa bilmirəm. Yaşımı unduram. Sanki o, elə bu yaşımda gəlməli idi. Bəzən başımdan atmaq istəyirəm onu. Küçəyə atıram özümü. Heç nəyi düşünməmək, duymamaq istəyirəm. Və onun barəsində fikirləşməmək.. Az qalıram hönkürüm, elə küçənin ortasındaca. Bircə bu çatışmırdı. Bu yaşda, özü də küçədə hönkürmək. Həyatımda ciddi şəkildə onsuzluğun hökm sürdüyünü görürəm. Günlərim bu cür keçir:oyanmaq, iş, darıxmaq, düşünmək, axşam olanda yatmaq. Daha doğrusu yatmağa cəhd etmək. İncidir, sevgimdən xəbərsiz halda! Bəzən qarşılıq vermək istəyirəm, amma qıymıram.. Qaçmaq istəyirəm. Vecsizliyi məni öldürür. Özümü qınayıram. Bunu ona necə deyə bilərəm axı.. Düşüncələr içində qovruluram. İndi bir kimsəsiz adanın, lavanın yandırıb yaxdığı, ot belə cücərməyən, tutqun və boş olan yerində qalmış kimiyəm. Hər gün əriyirəm. Varlığımı siqaret, su, acı qəhvə ilə qoruyuram. Mədəmi kofeinə təslim etmişəm. Qazanmadığım halda, hər zaman onu itirmək qorxusu yaşayıram. Toxunmaq istəyirəm, toxuna bilmirəm, üzündə donuq ifadə olanda dünyam qaralır. Düşünürəm ki, gedəcək və bir də görməyəcəm. Ağırdır. Ağrımı içimdə çəkirəm. İlahi, bu nədir mənə yaşadırsan deyə hər gün gözümü göylərə dikirəm?!.
Evimdə onu gözləyirəm. Sanki bir azdan qapı döyüləcək və açıb qarşımda onu görəcəm. Amma unduram ki, nə evimin ünvanını bilmir, nə də bilsə gələn deyil. Bəlkə küçəmdən keçər deyə, pəncərəyə yaxınlaşıram. Baxıram! Az sonra donmuş pəncərənin buxarına, adının baş hərfini müxtəlif formalarda yazmaqla kifayətlənirəm. Eyni yeniyetmələr kimi...
Bu istək deyil, ehtiras deyil, fiziki tələb deyil, bu sadəcə möcüzədir. Bir vaxtlar 48 yaşında birinin, azyaşlı birinə aşiq olacağını eşitsəydim, öz əllərimlə boğa bilərdim onu, amma indi utancımdan kimsəyə də bir şey deyə bilmirəm. Başa düşürəm ki, bu yaş faktoru ilə bağlı deyil.
Sevgi heç nəyə baxmır. Avtomobil qəzası kimidir. Qəfil baş verir, vurur və budur, sən hazırsan! Bu qəzanın son qurbanı mən oldum. O öz dünyasında mənə yaşlı adam kimi baxır və bundan qəti narahat deyil, amma bilmir ki, bu balaca mənim həyatımı necə zindana döndərib. Danışır. Baxıram. Qulaq asıram. Bütün fikrim isə sevdiyimi ona necə deməyimdir. Amma bəzən də düşünürəm ki, desəm guya nəyə yarayacaq ki? Ən ağırı isə onu görüncə yeniyetmələr kimi, əl-ayağımın bir birinə dolaşmasıdır. Qəribə bir həyəcana bürünürəm. Qəlbim hüdudsuz qüssə ilə dolur, sanki hər dəfə son dəfə görürmüş kimi oluram. Hər dəfə görəndə dostcasına sarılmaq ən böyük təsəllimdir. İş o vəziyyətə çatıb ki, onu görmədiyim zamanları manitorda onun profili ya da fotosu ilə keçirdirəm. Ağırdır. Onu gördükdən sonra bu günə qədər yaşamadığımı düşünürəm.
Nə qazandıqlarım, nə qazanacaqlarım heç nə gözümdə deyil. Mütəmadi onu görmək istəyirəm. Onu görəndə isə qışqıraraq “sənin üçün darıxırdım, təkcə səsin, dodaqların üçün yox , başdan ayağa sənin üçün darıxırdım” demək istəyirəm. Amma necə deyim? Bəzən düşünürəm ki, bu cür ağrılı hissi Allah mənə bu yaşda cəza kimi göndərib. Qısqanıram onu. Fiziki qısqanclıq deyil bu, sadəcə onun kiminləsə eyni atmosferi belə paylaşmasın həzm etmək istəmirəm. Gözümə o qədər balaca, müdafiəsiz gəlir ki, kimsə onu incitsə dayana bilməyəcəyimi düşünürəm. Əsiri az qalsın yarılamışam, amma heç vaxt “kaş” demədim. İndi deyirəm, kaş içimdən xəbərdar olaydı, necə acı çəkdiymi görərdi. İndi kaşlarla yoldaş, sirdaş, hətta qardaş olmuşam. Etdiklərim üçün yox, etmədiklərim üçün “kaş” deyirəm. Onunla bağlı kaş deyirəm. Keçirdiyim iclaslarda, getdiyim tədbirlərdə, gəzdiyim şəhərimdə, sığındığım evimin hər küncündə, qıvrıldığım yatağımda belə onun fikri var. Mümkünsüz sevgim! Nə varlığınla yetinmirəm, nə yoxluğunla baş edə bilmirəm... Darıxmaq və sevilmədiyini bilmək acısı məni tarimar edib. Nə qatarı görmürəm, nə qatarın sonundakı o işığı..
Ağrılarımı da özümlə götürüb, bu şəhərdən gedirəm.
Sağ ol balacam.