Dövlət Sərhəd Xidməti (DSX) əsgər Davud Cəlillinin hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar mətbuatda yayılan məlumatlara münasibət bildirib.
AZXEBER.COM-un DSX-nın saytına istinadən verdiyi məlumata görə, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır: “Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cəlilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Salyan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 12 oktyabr-29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi hissənin təlim-tədris bölüyündə xidmət edib, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi hissəyə göndərilib.
Əsgər hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda - 24 fevral - 02 mart 2011-ci il tarixlərdə «kəskin tonzilit», 06-16 may 2011-ci il tarixlərdə «su çiçəyi», 18-20 oktyabr 2011-ci il tarixlərdə «faringit», 28 oktyabr-01 noyabr 2011-ci il tarixlərdə «nevrotik reaksiyalar», 29 dekabr 2011-11 yanvar 2012-ci il tarixlərdə «kəskin parasinisoit» diaqnozları ilə hərbi hissənin tibb məntəqəsində müalicədə olunub.
D. Cəlilli 12 yanvar 2012-ci il tarixdə «Kəskin meninqoensefalit» xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin Hərbi Hospitalına göndərilib, reanimasiya və anesteziya bölməsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb. Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırılıb və hospitala dəvət ediliblər. Xəstənin valideynləri hospitala gəlib və xəstənin vəziyyəti həkimlər tərəfindən onlara izah olunub. Hərbi hospitalda müalicədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı Vərəm Əleyhinə Dispanserin (VƏD) fitizomeninqioloqu Arzu Dadaşov, 16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib. Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılması məqsədilə əsgər D. Cəlilli 15 mart 2012-ci il tarixdə DSX-nin hesabına Türkiyə Respublikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilib.
DSX Hərbi Hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz Gülhanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilib və müalicənin əvvəlki qaydada davam etdirilməsi məsləhət bilinib. 31 mart 2012-ci il tarixdə əsgər D. Cəlilli DSX-nın Hərbi Hospitalına köçürülüb.
Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il tarixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxazov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib.
26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli 59 saylı qərarına əsasən, «Vərəm mənşəli meninqoensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə» diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilib və hərbi xidmətdən tərxis edilib.
Tərxis edilməsinə baxmayaraq, D. Cəlillinin müalicəsi 1 dekabr 2012-ci il tarixədək DSX-nın Hərbi Hospitalında davam etdirilib.
1 dekabr 2012-ci il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək, oğlunu 4 saylı Vərəm Əleyhinə Dispanserə aparmaq niyyətində olmasını, hospitaldan və hospital həkimlərindən heç bir şikayətinin yaxud narazılığının olmadığını bildirib və xəstə 4 saylı Vərəm Əleyhinə Dispanserə köçürülüb. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospitalın həkimləri tərəfindən nəzarətdə saxlanılıb və zəruri dəstək verilib.
12 dekabr 2012-ci il tarixdə D. Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılıb.