Prezidentin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası və rayonlarası sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün bir sıra icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq.
Həmin sənədlərə avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortasına dair, eyni zamanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortası sənədləri daxildir.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, artıq sifarişli, yəni qeyri-müntəzəm və bəzi müntəzəm sərnişin daşımaları ilə məşğul olmaq üçün sadəcə icazə almaq kifayət etmir, əlavə olaraq müəyyən icbari sığortaların mövcudluğu sənədlərlə sübut olunmalıdır.
Ərşad Hüseynov qeyd edib ki, artıq qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan sürücülər də xüsusi hazırlıqlara cəlb ediləcək.
Yerüstü Nəqliyyat Agentliyindən isə məsələ ilə bağlı açıqlama verilmədi.










































