Sevdiyi qızı bıçaqlayan oğlanın atası danışdı: "Üstündən maşın keçmişdi"

Sevdiyi qızı bıçaqlayan oğlanın atası danışdı: "Üstündən maşın keçmişdi"
SOSİAL
17:22 31.10.2016
1697
Rusiyanın Surqut şəhərində sevdiyi qızı bıçaqlayıb intihar edən Azərbaycan vətəndaşının kimliyinə aydınlıq gəlib. Hadisənin baş verdiyi Xantı-Mansiyks diyarında yerləşən Azərbaycan diasporunun rəhbəri Azad Seyidovun Lent.az-a verdiyi məlumata görə, intihar edən şəxs Tağıyev İbad Ələkbər oğludur. 

"İbad Tağıyev əslən Ağstafanın Köçəsgər kənindədir. Surqutda yaşayırdı. Bir qədər əvvəl Rusiyadan deportasiya edilmişdi. Koqalım şəhərində onun qohumları yaşayır. Hazırda onlar Surquta gəlirlər və meyitin Azərbaycana göndərilməsiylə məşğul olacaqlar”.
 
Lent.az-ın əməkdaşı İbad Tağıyevin atası Ələkbər Tağıyevlə əlaqə saxlayıb. Ələkbər Tağıyevin dediyinə görə, İbadın ölümündən  bu gün səhər saytlar vasitəsi ilə xəbər tutublar. "Oğlum o qızı sevirdi. Tatyana adlı bu qız isə İbada dəfələrlə "yox” deyib. Amma uşaq əl çəkmirdi. Bir il qabaq əsəbiləşib o qızı döymüşdü də. İşi də Surqut məhkəməsindəydi. Elə bu hadisəyə görə İbadı deportasiya etmişdilər. Amma yenidən qayıdıb getdi. Dağıstan sərhədində deyib ki, bəs məhkəməmdir, könüllü iştirak edəcəm. Onlar da buraxmışdılar”.
 
Həmsöhbətimizin dediyinə görə, hadisə heç də intihar olmayıb: "Bacım oğlu mənə zəng vurdu ki, İbad Tatyananı vurandan sonra səs-küyə qonşular çıxıb. Onlar da blokda İbadı əhatəyə alıb döyməyə başlayıblar. İbad da əllərindən çıxıb, blokun pəncərəsindən özünü atıb”.
 
Ələkbər Tağıyev onu da bildirib ki, oğlu bir il əvvəl dəhşətli qəza keçirib: "Bir maşın onu vurmuşdu, başqa bir maşın isə üstündən keçmişdi. Ölümdən dönmüşdü. Bu hadisədən sonra psixoloji problemləri yaranmışdı. Qohum-əqrəba yalvardıq ki, getmə, qayıtma, sözümüzə baxmadı. Axırı da belə”.

OXŞAR XƏBƏRLƏR