Bu gün AzTV-də yayımlanan "Hədəf” verilişinin qonağı olan Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qarşılaşdığı mənzərə olduqca acınacaqlı idi.
AZXEBER.COM xəbər verir ki, deputat öz açıqlamasında deyib:
"30 il işğal altında qalan ərazilər tamamilə dağıdılmış, infrastruktur məhv edilmişdi. Ağdamın vəziyyəti hətta Yaponiyanın Hirosima şəhəri ilə müqayisə olunurdu. Torpaqlarımız azad edildikdən sonra ilk atılan addım ‘Böyük Qayıdış’ proqramının hazırlanması oldu. Bu, təsadüfi və plansız bir qaydış deyildi, dövlət proqramı şəklində dəqiqliklə hesablanmış bir layihə idi,” – deyə Sevil Mikayılova vurğulayıb.
O qeyd edib ki, ilk növbədə infrastrukturun qurulması əsas prioritetlərdən olub: "Qısa müddətdə keyfiyyətli yol-nəqliyyat infrastrukturu yaradıldı. Beynəlxalq standartlara uyğun yollar salındı. Paralel olaraq məktəblər, poliklinikalar və digər sosial obyektlər inşa edildi ki, insanların ləyaqətli şəkildə geri dönüşü təmin olunsun.”
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi potensial baxımından çox mümbit ərazilərdir: "Burada kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlər üçün əlverişli torpaq, su ehtiyatları, iqlim şəraiti və digər zəruri amillər mövcuddur. Artıq həmin ərazilərdə sənaye obyektləri fəaliyyətə başlayıb və bu, ‘Böyük Qayıdış’ proqramının uğurlu icrasından xəbər verir.”
Sevil Mikayılovanın sözlərinə görə, işğal zamanı məcburi köçkün vəziyyətinə düşən insanlar artıq yeni iş yerlərində məşğulluq əldə ediblər: "Onların daimi və özünəinamlı şəkildə qayıtması üçün həmin ərazilərdə iş yerlərinin yaradılması vacib idi. Eyni zamanda, xüsusilə gənclərin geri dönüşü üçün də əlverişli şərait təmin olunur.”
Deputat əlavə edib ki, bölgədə investisiya fəallığı da artmaqdadır: "Əgər bu şərait mövcud olmasaydı, bu gün tikiş fabrikasının açılmasından danışa bilməzdik. Azərbaycan dövləti bu layihələri öz maliyyə resursları hesabına həyata keçirir. Bununla yanaşı, Türkiyə, İtaliya və Türk dövlətləri də bölgəyə iqtisadi investisiyalar yatırır. Artıq ‘Böyük Qayıdış’ proqramının ən fəal mərhələsinə daxil olmuşuq.”
Oksana Orucova