Sevinc Fədai: Bu yerdə dövlət ana və uşağın himayəçisinə çevrilməlidir

Sevinc Fədai: Bu yerdə dövlət ana və uşağın himayəçisinə çevrilməlidir
SOSİAL
18:20 19.06.2022
291
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai sosial mediada gündəm olan Aliment Fondunun yaradılması ilə bağlı suallarımızı cavablandırdı.

Cəmiyyətdə rastlaşdığımız ailə daxili münaqişələrin faciə ilə bitməməsi baxımından aliment fondunun əhəmiyyəti nədir?
 – Əgər iki insan bir-birindən mədəni və normal şəkildə boşanmırsa, gələcəkdə alimentlə bağlı problemlərin və münaqişələrin də yaranacağı qaçılmaz olur. Kişi tərəf qadından qisasını aliment verməməklə, qadın tərəf isə aliment üstündə sabiq ərini məhkəməyə verməklə almaq istəyir. Bu savaşda isə bu iki tərəflə yanaşı, ən çox zədələnən, psixoloji baxımdan travma alan uşaq olur. Bu mənada Aliment Fondunun yaradılması belə münaqişə yaşayan ailələrin qovğalarına son qoya, daha böyük faciələrin qarşısını ala bilər. Bu zaman hər iki tərəf öz yeni həyatına adaptasiya olmaqla məşğul olacaq və uşaq mənəvi yaralar almayacaq. 

Aliment Fondunun yaradılması tənha anaların və uşaqların sosial həyatına nə vəd edir? 
– Əslində, anaların ay boyunca oturub aliment gözləməməsi, aliment ödənmədikdə bunun böyük çarəsizliyə səbəb olmaması daha yaxşı olardı. Ancaq hər bir qadın eyni iradə və gücə, sosial-iqtisadi imkanlara malik deyil. Və ən əsası, bunu anlayaq ki, kişi alimenti boşandığı qadın üçün yox, övladı üçün ödəyir. Bu, onun vəzifəsi, məsuliyyəti, öhdəliyidir. Uşağı ana və ata bərabər böyütməlidir, onu mənəvi və maddi ehtiyaclarından məhrum etməyə heç kimin haqqı yoxdur. Evlilik dövründə işləməyən, maddi qazancı olmayan ana birdən-birə övladınının ehtiyaclarını qarşılmaq imkanını tapmır. Ata alimenti ödəmədikdə isə çarəsiz qalır, qrafiksiz, ağır işlərə belə qol qoyur ki, bu zaman da uşaq diqqət və qayğıdan məhrum olur. Bəzən həyati təhlükəylə üzləşir. 

Aliment Fondunun yaradılmasının, ilk növbədə, ana və uşağa qarşı haqsızlığın, eyni zamanda, onların çarəsizliyinin qarşısını alacağını düşünürəm. Bu, qadına yeni həyata adaptasiya olmaq, iş imkanları əldə etmək dövründə böyük bir dəstək ola, fürsətlər yarada bilər. Aliment deyəndə təkcə pul başa düşülməməlidir. Bu, pulsuzluğun yaradacağı psixoloji problem və mənəvi böhranların olmaması deməkdir. 

Fondun yaradılması cəmiyyətdə xüsusən kişilər arasında daha arxayınlıq yaradacaq və ya onları daha məsuliyyətli davranmağa sövq edəcək?
– Məncə, arxayınlıq yarada bilməz. Çünki qanun bütün hallarda öz işini görəcək, ondan boyun qaçırmaq mümkünsüzdür. Aliment Fondunun yaradılması ana və uşağın həyatını bir qədər asanlaşdırmaq üçün nəzərdə tutulan sosial siyasətdir, onun kökündə kişilərin öhdəliyini yerinə yetirmək dayanmır. Sağlam düşünə bilən insan bu Fondun yaradılması ilə alimentin əhəmiyyətini anlayar və imkanı olduğu halda onu ödəməkdən boyun qaçırmaz. 

Sizcə Aliment Fondunun yaradılması cari halda Dövlətin həyata keçirəcəyi vacib sosial siyasətdir?
– Aliment və onun doğurduğu problemlərin həlli vətəndaş cəmiyyətinin institutlarını düşündürən və narahat edən məsələdir. Bəzi Qərb ölkələrində boşanmış qadına ehtiyac olduğu halda, kirayə haqqı və s. kimi maddi yardımlar verilir, qadın işlə təmin olunur, uşaqlarının bağça və təhsil xərcləri qarşılanır. Bu təcrübəyə söykənən və bütün detalların dəqiqlik və həssaslıqla işlənərək yaradılacağı bir Alment Fondunun olması dövlət üçün də vacibdir, məncə. Dövlət bu mənada həm qadına qarşı fiziki və psixoloji şiddətin qarşısını almış, həm sağlam gələcək üçün önəmli addım atmış, həm də yeni həyat qurmuş qadının əvvəlki və indiki ərləri arasında yaranacaq münaqişəni, bəzən cinayət hadisəsini önləmiş olar. Sağlam bir ailə bağı yoxdursa, aliment səbəbiylə münasibətlərin davam etdirilməsinin bir önəmi yoxdur, ordaca bitməlidir. Bu yerdə dövlət ana və uşağın himayəçisinə çevrilməlidir. Aliment Fondunun yaradılması birbaşa uşaq hüquqlarına xidmət etmiş bir addım olacaq. 

Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.

OXŞAR XƏBƏRLƏR