Şəxsiyyəti pulla almaq

MARAQLI
01:13 19.03.2017
5016
 Leyla Namazova
 
Bir gün müəllimə şagirddən soruşur: "Oğlum, sən niyə oxumaq istəmirsən? Niyə biliyə, savada yiyələnməyə həvəs göstərmir, öz üzərində işləməkdən imtina edirsən? Əgər yaxşı oxusan, müəllimlərin tövsiyələrinə əməl etsən, gələcəkdə böyük bir şəxsiyyət ola bilərsən...”
 
Uşağın cavabı belə olur: "Müəllimə, mənim biliyim, savadım, təhsilim ata-anamdır. Onlar özləri bir şəxsiyyətdirlər. Mənim şəxsiyyət olmağım bir o qədər də vacib deyil. Bir də ki, siz narahat olmayın, istəsəm də, istəməsəm də onlar məni şəxsiyyət edəcəklər. Nəyimə lazımdır oxuyub gözlərimi xarab edim? Böyüyəndə valideynlərim məni Londonda oxudacaqlar. Hələlik öz kefimə baxım. Mənimki əyləncədir, kef məclisləridir, atamın verdiyi ətək-ətək pullardır.
 
Atam deyir ki, nəyimiz varsa, hamısı sənindir, canımız da malımız da sənə qurban. Mən 100 il yeyib-içsəm, gecə-gündüz o pulları xərcləsəm, yenə qurtaran deyil”.
 
Müəllimə təəccübünü gizlədə bilmədi: "Allah, sən saxla, 60 yaşa çatmışam, birinci dəfədi 15 yaşlı uşaqdan belə sözlər eşidirəm.
 
Dəhşətdir, vallah! Uşaq atasının puluna, vəzifəsinə ümidli olduğu üçün yazıb-oxumur, öz üzərində işləmir. Görəsən, zəmanə dəyişib, yoxsa mən qocalmışam? Görəsən, pulla, var-dövlətlə şəxsiyyət olmaq mümkündürmü?
 
Bəs, bu adam gələcəkdə camaatın arasına çıxanda nə danışacaq? Ağzını açanda insanlar onun kütbeyin olduğunu anlamayacaqlarmı? Tutaq ki, özü uşaqdır, başa düşmür. Valideynləri niyə övladlarının savadsız olmağına göz yumurlar? Yoxsa küt uşaqla fəxr edirlər? Görəsən, valideyn övladına yaxşı təhsildən, düzgün tərbiyədən qiymətli nə verə bilər?”
 
Müəllimə bu sualların əlində girinc qalmışdı. Uşaq isə sinif otağını çoxdan tərk etmişdi. Müəllimə ilə şagirdin arasında böyük bir boşluq vardı. Qoca pedaqoq bu boşluqda boğulurdu... 
OXŞAR XƏBƏRLƏR