“Siqaret çəkən qadınlar bununla özlərini cəmiyyətə sübut etmək istəyirlər” - Kulturoloq

“Siqaret çəkən qadınlar bununla özlərini cəmiyyətə sübut etmək istəyirlər” - Kulturoloq
SOSİAL
11:58 04.04.2023
428
"Bütün dünyada siqaretə qarşı çox böyük etirazlar var. Siqaret, tütün məmulatları, qəlyan avtomobillərdən sonra ekologiyanı pozan ikinci təhlükə mənbəyi sayılır. Onun istehsalına sərf olunan sudan tutmuş siqaret çəkənlərin buraxdığı tüstüyə, alışqandan istifadə etməsinə qədər bunlar hətta qlobal istiləşməyə də təsir edir. Ona görə də siqaret çəkmək əxlaqsızlıq sayılır, mədəniyyəsizlik sayılır, qeyri-etik sayılır. Amma vərdişkar olan insanlar var ki, onlara da hörmətlər yanaşırıq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov siqaretin cəmiyyətə təsirlərindən danışarkən deyib.

O qeyd edib ki, qadınların, qızların siqaretə meyl göstərməsi millətin sağlamlığına vurulan ən böyük zərbələrdən biridir:

"Lap qədimdə Azərbaycanda əgər siqaret, papiros sözü bizdə yoxdursa, deməli bu, ya ümumiyyətlə bizə yaddır, ya da ki, çox az istifadə olunub. Düzdür, tənbəki, tütün sözləri var, amma onları da hər adam çəkməyib. Qoca babalar var idi, hansı ki, bir ayağı burada, bir ayağı o dünyada idi, onlar öz sağlamlıqlarına fikir vermirdilər və o tütündən istifadə edirdilər. Son vaxtlar qadınların, xüsusən qızların, hətta məktəbli qızların ənənəvi siqaretə, istərsə də onlardan da daha dəhşətli xəstəlik yaya bilən elektron siqarlara, qəlyanlara meyl göstərməsi bizim genofondumuza, millətin sağlamlığına vurulan ən böyük zərbələrdən biridir. Biz qardaş ölkələrdə - istər Türkiyədə, istər islam ölkələrində, Avropa ölkələrində qadınların öz hüquqlarını guya ki, kişilərin gözünə soxmaq mənasında siqaret, tütün məmulatları və s. istifadə etməsi hallarının artdığını görürük. Təəssüflər olsun ki, Azərbaycan millətinin saflığını özündə qoruyub saxlamış qadınlarımız artıq həmin o mənfi halı bizdə də təkrar etməyə başlayıblar. Qadınlar bununla özlərini cəmiyyətə sübut etmək istəyirlər. İnamlı olduqlarını göstərmək istəyirlər. Feminist düşüncəsini məhz siqaret çəkməklə nümayiş etdirmək istəyirlər. Hələ alkoqollu içkilər, arıqlama dərmanları adı altında digər ziyanlı maddələrdən istifadə edən xanımların çoxluğu, energetik içkilər içən, "fast-food” yeyən xanımların çox olmasını demirik”. 

Kulturoloq deyib ki, ellikcə həm kişilərin, həm də qadınların siqaret çəməsinə pis baxmalıyıq:

"Qeyd etdiyim bu cür məhsullar qız uşaqlarının, qadınların ana olmasında böyük problemlər yaradır. Ona görə də son vaxtlar Azərbaycanda təbii doğuşla 20 faiz, əməliyyatla da 80 faiz uşaqlar doğulur. Onların da sağlamlığında böyük problemlər yaşanır. Bu da bizim demoqrafik problemlərimizdir. Gələcəkdə fəsadlarını görə bilərik. Ellikcə həm kişilərin, həm də qadınların siqaret çəməsinə pis baxmalıyıq, ictimai qınağa tuş gəlməlidir. Bunanla əlaqədar 50 manatlıq cəriməni 100, yaxud təkrar olduqda min manatdan çox artırmaq lazımdır. Belə olsa, bəlkə bu problem aradan qalxar”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR