Xəbər verdiyimiz kimi ötən gün, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bukletdə və “www.unibank.az” saytında “Albalıkart çox-çox sərfəli kart!, Hissə-hissə ödə, faizsiz ödə, bonuslar qazan” məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilmişdi.
İqtisadi İnkişaf Nazirliyindənverilən məlumata görə, aparılmış araşdırmalar zamanı “Unibank Kommersiya Bankı” ASC ilə müqavilə bağlamış bəzi üzv ticarət obyektləri tərəfindən istehlakçılara “Albalıkart” kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə olunduğu və bonusların verilmədiyi müəyyənləşib.
Qeyd olunan hallarda qanunsuz reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə səbəbolma əlamətləri olduğu müəyyən edilib. Bununla əlaqədar “Unibank Kommersiya Bankı” ASC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bəs görəsən şirkətlərin istehlakçıları bu formada aldadaraq küllü miqdarda gəlir əldə etməsi nə dərəcədə düzgündür?
AZXEBER.COM portalı məsələylə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun münasibətini öyrənib. E.Hüseynov bu gün bir çox şirkətin bu cür reklamlarla istehlakçıları aldatdığını söyləyib:
“Çox təəssüf ki, istehlakçıların aldadılması malın etiketindən tutmuş böyük reklam çarxlarına qədər davam edir. Bizə bu barədə çoxlu şikayətlər gəlir. İstehlakçılar müəyyən zaman və məsafə qət edib, əziyyət çəkib gedirlər, amma görürlər ki, reklamda gördükləri şərtlər orada yoxdur”.
AİB sədri “Meqafon” əyləncə mərkəzində də belə yalançı reklamların olduğunu söyləyib:
“Son zamanlarda gələn şikayətlərdən biri “Meqafon”la bağlı idi. Onların belə bir reklamı var idi ki, 5 alan şagirdlərə güzəştlər ediləcək. Valideynlər oraya getdikdə isə bunun mümkün olmadığını deyiblər. İstehlakçı isə artıq öz uşağı ilə oraya getdiyi üçün pul xərcləməyə məcbur olur. Bu yollarla istehlakçıları cəlb edib aldadırlar. Belə hallar bəzi istisnalar olmaqla bütün sahələrdə var”.
Əfsələddin Ağalarov