Hər il orucluq ayında qəzet olaraq tanınmış siyasətçilər arasında sorğu keçiririk. Bu il də ənənəyə uyğun olaraq maraqlandıq görək tanınmışlardan kimlər oruc tutur.
Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli davamlı olaraq 16 il oruc tutduğunu, lakin son illər səhhətində yaranan problemlə əlaqədar müsəlmanlığın bu şərtinə əməl edə bilmədiyini dedi: “Belə vəziyyətdə tutulan oruc da məqbul hesab edilməz. İki ildir mədəmdəki problemlə əlaqədar artıq tuta bilmirəm. Bu Ramazanda oruc tutanlara xeyirlə-uğurla Ramazan ayını başa vurmalarını və bütün niyyətlərinin hasil olmasını arzu edirəm”.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn hər ilki ənənəsini davam etdirərək həm oruc tutduğunu, həm də namaz qıldığını bildirdi.
“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu da oruc tutanlar arasındadır.
Adətən müsəlmanlığın 5 vacib şərtlərindən biri olan oruc tutmaq ənənəsinə hər il əməl edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə nədənsə bu il oruc tutmayıb. Özü ilə söhbətimizdə deputat bunu səhhətində yaranan problemlə əlaqələndirdi: “Səhhətimdə problem yarandığı üçün bu il ənənəni pozmuşam”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfərin cavabı bu oldu ki, özünü müsəlman hesab edən hər bir bəndə namazını da qılmalıdır, orucunu da tutmalıdır: “Hər il olduğu kimi, bu il də eyni qayda üzrə oruc tuturam”.
ADP sədri Sərdar Cəlaloğlu isə səhhəti ilə əlaqədar oruc tuta bilməyəcəyini deyir: “Bilirsiniz ki, sovet dönəmində dini inanclar təqib olunurdu. Oruc tutub namaz qılmaq qadağan olunmuşdu. Az bir qisim insanlar dini ayinləri yerinə yetirirdi. O cümlədən də məktəblərdə bizə ateizmi təbliğ edirdilər. Ona görə də bizlər ateist nəsil kimi formalaşmışdıq. Müstəqillik əldə etdikdən sonra təbii ki, inanclarımızı müdafiə etdiyimizə görə dini adət-ənənələrimizi bərpa etməyə çalışdıq. Mən yeddi günlük aclıq aksiyası keçirən zaman mədə qanaxması keçirdim. O gündən bəri oruc tutmamışam. Səhhətim buna yol vermir”.
Biz də oruc tutanların niyyətlərinə qovuşmalarını arzu edirik!
/// Musavat qezeti