Dünya liderləri idman zalından görüntüləri yayılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüxün kostyumda 90 kiloqramlıq ştanqla məşq etməsi sosial şəbəkələrdə gündəm olub.
58 yaşlı dövlət başçısının idman zalında 90 kiloqram ağırlığı ardıcıl 20 dəfə qaldırdığı görüntülər böyük maraq doğurub. Xürelsüxün bunu idman geyimində deyil, kostyumda etməsi isə diqqətdən yayınmayıb.

Lakin idmanla məşğul olarkən kameralar qarşısına çıxan yeganə siyasi lider Xürelsüx deyil.
ABŞ müdafiə naziri Pit Heqseth vəzifəyə gəldikdən sonra hərbi qulluqçularla birgə idman etməsi ilə də diqqət çəkib. O, 2025-ci ilin fevralında Varşavada hərbçilərlə qarda şınav çəkib. Həmin ilin avqustunda isə ABŞ-ın səhiyyə naziri Robert Kennedi ilə 50 dartınma və 100 şınavdan ibarət məşqə qatılıb. 2026-cı ilin fevralında isə Fort Kempbell bazasında hərbçilərin qarşısında ştanq qaldırıb.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi də 15 yanvar 2026-cı ildə ABŞ-a səfəri zamanı Heqsethlə birgə səhər məşqinə qatılıb. İki nazir hərbçilərlə birlikdə ağırlıq qaldırıb, avarçəkmə trenajorunda məşq edib və şınav yarışına çıxıb. Koizumi bu məşqi ABŞ-Yaponiya ittifaqının simvolu adlandırıb.
Fransa Prezidenti Emmanuel Makron da idman görüntüləri ilə gündəmə gələn siyasi liderlər sırasındadır. 2024-cü ilin martında onun boks əlcəkləri ilə qum torbasını yumruqladığı ağ-qara fotolar yayımlanıb. Görüntülər Fransada Makronun "güclü lider” imicini nümayiş etdirmək cəhdi kimi müzakirə olunub.

Siyasi liderlərin idman görüntüləri arasında Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı məşhur kadrlar var. 2015-ci ildə Soçidə Putin və o vaxtkı Baş nazir Dmitri Medvedev dövlət iqamətgahının idman zalında birlikdə məşq ediblər.

Kremlin yaydığı görüntülərdə Putinin trenajorlarda məşq etdiyi, Medvedevin isə dartınma və avarçəkmə trenajorundan istifadə etdiyi əks olunub.
Beləliklə, son illərdə müxtəlif ölkələrin siyasi rəhbərlərinin idman zalında məşq etməsi həm ictimaiyyət, həm də sosial media tərəfindən böyük maraqla qarşılanır.
Gülay











































