Ayişə İsgəndərova
Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Türkmənistan arasında son illərdə inkişaf edən münasibətlər də məhz dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə regional sabitliyin təmin olunması, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində uğurlu addımlar atır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı zamanı ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri yalnız iki ölkə üçün deyil, bütövlükdə region və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.
Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə müxtəlif ölkələri birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının sayı məhduddur. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında formalaşan əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, nəqliyyat və logistika layihələrini siyasi münasibətlərdən ayrı şəkildə qiymətləndirmək mümkün deyil. Məhz siyasi qarşılıqlı fəaliyyət, etimad və tərəfdaşlıq bu layihələrin uğurla reallaşdırılmasının əsas şərtidir.
"Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi” fikri ölkələr arasında mövcud olan yüksək səviyyəli münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Bu yanaşma göstərir ki, coğrafi mövqe və iqtisadi imkanlar nə qədər əlverişli olsa da, onların real nəticələrə çevrilməsi üçün siyasi iradə və qarşılıqlı etimad vacib amildir.
Bu gün Azərbaycan və Türkmənistan yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi və üçüncü ölkələrdən əlavə yüklərin cəlb olunması istiqamətində birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq həm regionun iqtisadi inkişafına töhfə verir, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin səmərəliliyini artırır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada və siyasi dialoqa əsaslanan bu münasibətlər gələcəkdə də hər iki ölkənin inkişafına, regionda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.











































