"Siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənməlidir" - Deputat yeni qanun layihəsi haqqında danışdı

"Siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənməlidir" - Deputat yeni qanun layihəsi haqqında danışdı
SİYASƏT
19:40 07.09.2022
614
"Bu gün artıq "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun yenidən işlənilməsi zərurəti yaranıb. Çünki bu qanun 1992-ci il iyun ayında qabul edilmişdir. Bu gün ölkədə qanunvericilik sahəsində yeni bir siyasi sistem yaranıb. Məhz buna görə də Milli Məclis tərəfindən lazımi addımların atılması zəruridir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O, qeyd edib ki, artıq müəyyən qərar qəbul edilib: 

"Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Artıq iyul ayının 26-da Milli Məclis bu prosesə başlanılması ilə bağlı da açıqlama vermişdi. Milli Məclisin plenar iclasına, eyni zamanda komitələrin iclaslarına çıxarılmazdan əvvəl bu, Milli Məclisin öz saytında yerləşdirilib. Sentyabr 28-də həmin qanun layihəsinin ilk ictimai dinlənilməsinin keçirilməsi nəzərdə tutulub və bununla bağlı müəyyən qərar qəbul edilib". 

Deputatın sözlərinə görə, 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclis təqdim edib:

"İyul ayının 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalara müraciət olunub. 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclis təqdim edib. Milli Məclisdə bu layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda Venesiya komissiyasının siyasi partiyaların tənzimlənməsi üzrə istər 2020-ci ildə qəbul edilən tövsiyələri, istərsə də 2010-cu ildə, yəni 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınaraq layihə hazırlanıb". 

A.Nağıyev bildirib ki, bu layihənin qəbul edilməsi çox mühüm məsələdir:

"Milli Məclisin saytında layihənin kiçik variantı da yerləşdirilib, müzakirəyə verilib. Bu ilkin ictimai dinləmə, hansı ki, sentyabrın 28-də keçiriləcək, bütün digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, Azərbaycanda olan bütün Orqanların nəzərindən keçməklə qanun layihəsi təkmilləşdiriləcək. Buna görə də, bu, çox zəruri bir məsələdir. Siyasi partiyalar haqqında yeni qanun layihəsinə mütləq şəkildə Milli Məclisdə baxılacaq. Bu layihənin qəbul edilməsi çox mühüm məsələdir. Azərbaycanın siyasi həyatında məhz siyasi partiyaların öz yerini tutması, onların öz yerinin olması məsələsi mütləq şəkildə qanunla tənzimlənməlidir. Qəbul ediləcək bu qanun çox mühüm bir sənəddir".
OXŞAR XƏBƏRLƏR