“Jirinovski NATO Parlament Assambleyasına gələndə hamı onu fitə basıb”
Vladimir Jirinovski xəstə və dəlidir. 1970-ci illərdə Türkiyədə SSRİ səfirliyində işləyib, sosializm ideologiyasını yaymaqla məşğul olduğu üçün həbs edilib, bir neçə ay həbsdə yatıb, Türkiyədə “persona non-qrata” elan edilib, diplomatik fəaliyyətinə xitam verilib. Ona görə də türklərə, azərbaycanlılara qarşı böyük nifrəti var. Vaxtilə ona qarşı olan ədalətli prosesi ədalətsiz, əxlaqsız hərəkətləri ilə tamamlamaq istəyir.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasındakı çıxışında Azərbaycan xalqını təhqir edib. O deyib ki, Azər - Xəzər dənizi, baca - yer deməkdir, bunun da ruscaya tərcüməsi xəzərilərdir ki, bu da millət deyil.
S.Novruzov bildirib ki, V.Jirinovski tək Azərbaycanla bağlı yox, Ukrayna, Gürcüstan, Türkiyə və Şərqi Avropa ölkələri ilə bağlı şizofreniya xəstəsi kimi çıxışlar edir. Prezident seçkilərində isə Rusiyanın mədəniyyət simvollarından olan Alla Puqaçovaya qarşı heç bir çərçivəyə sığmayan tərbiyəsiz sözlər dilə gətirib: “Vladimir Jirinovskinin ruslara aidiyyəti yoxdur, özünü Roma Papasından daha artıq katolik aparır. O, Rusiya parlamentinin təlxəyidir. Jirinovski bəzən beynəlxalq təşkilatların tədbirlərinə də gəlir. Məsələn, şahidi olmuşam ki, NATO Parlament Assambleyasına gələndə hamı onu fitə basıb. Dünyada da təlxək kimi qəbul edilir”.
S.Novruzov Rusiyada yaşayan azərbaycanlıların V.Jirinovski kimi insanlara etiraz bildirməsini də zəruri sayıb: “Çünki Vladimir Jirinovski bu fikirləri Azərbaycanda deyil, kənarda deyir. Azərbaycanda desəydi, məsuliyyətə cəlb olunardı. Məsələn, Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin vətəndaşıdır.
Əgər Rüstəm İbrahimbəyov deyirsə ki, Azərbaycan ziyalısıyam, Azərbaycan xalqını təhqir edənlərə münasibətini ortaya qoymalıdır. Yaxud Söyün Sadıxov var, Vladimir Jirinovskinin qarşısına çıxıb mövqe ortaya qoya bilmir, çünki mövqesizdir. Eyni sözləri Abbas Abbasov haqqında da demək olar”.