MedEra hospitalın dermatoveneroloqu Azər Şamilov səhiyyədə son zamanların ən aktual məsələlərindən olan sızanaqlarla bağlı AZXEBER.COM-a müsahibə verib.
- Sızanaqlar necə yaranır və müalicəsi ilə kimlər məşğul olur?
- Cəmiyyətdə sızanaq kimi tanınan "Acne Vulgaris” ən çox rast gəlinən dəri problemlərindən biridir. Sızanaqlar (Acne Vulgaris) dərimizdə yerləşən piy vəzilərinin xəstəliyidir. Əsasən üzdə, kürəkdə və sinədə yaranan sızanaqlar ağ və qara nöqtələr, irinli, qırmızı iltihab şəklində ortaya çıxır.
Bildiyiniz kimi, üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülüb. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir. Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlara daha tez-tez təsadüf edilir.
- Daha çox neçə yaşlı insanlarda sızanaqlara rast gəlmək olur?
- 12-18 yaşlı bütün oğlan və qızlar demək olar ki, sızanaq problemi ilə qarşılaşırlar. Oğlanlarda və qızlarda yayılma tezliyi fərqlidir. Oğlanlarla müqayisədə qızlarda sızanaqlar daha çox müşahidə edilir. Qızlarda bu xəstəliyə 13-14, oğlanlarda isə 15-16 yaşlarında daha çox rast gəlinir. Lakin bununla yanaşı bütün yaş qruplarından olan insanlarda da bu xəstəliyə rast gəlinir.
- Sızanaqların insan üçün hansı fəsadları var?
- Bədənin müxtəlif yerlərində rast gəlinən sızanaqlar eyni zamanda digər problemlərin də meydana gəlməsinə zəmin yaradır.
Bunlar aşağıdakılardır:
- qaşınma
- irin və iltihab
- şişkinlik və istilik
- qabıq və ya kəpək qoyma
- səpgi yerlərində göy ləkələrin iz qoyması
- kürək dərisində həssaslıq və irinli səpgilərdə ağrı
- Müalicəsi necə həyata keçirilir?
- Birmənalı şəkildə qəbul etmək lazımdır ki, sızanaqların müalicəsi ilə yalnız peşəkar dermatoloqlar məşğul olmalıdır. Kosmetoloqların və digər "təbii üsullar”ın bu xəstəliyin müalicəsinə heç bir faydası yoxdur.
Xəstəliyin müalicəsi kompleks və sistemli şəkildə həyata keçirilir. Müalicə dövründə xəstə davamlı olaraq həkim nəzarətində olmalı, xəstəliyin gedişi və əldə olunan nəticələr təqib olunmalıdır.
Sağlamlığınıza biganə qalmayın! Unutmayın ki, orqanizmdə ortaya çıxan hər bir problem digər problemin başlanğıcıdır və bu səbəbdən yalnız mütəxəssisə müraciət edin! Təkbaşına verilən və qeyri-mütəxəssislər tərəfindən aparılan prosedurlar nəinki sizin problemin həllinə səbəb olmur, əksinə, çox ağır fəsadları ola bilər.
Dr. Azər Şamilov ilə əlaqə üçün: (050) 335 99 85
İnstagram: https://www.instagram.com/dr.shamilov.azer
Facebook: https://www.facebook.com/drshamilovazer/