Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA
SOSİAL
22:19 17.06.2026
150
Bakı şəhərinin baş planı çərçivəsində sökülməsi nəzərdə tutulan evlərin kvadrat metri üzrə kompensasiyanın necə hesablanacağı əsas müzakirə mövzularından biridir. Bu zaman kompensasiyanın bütün şəhər üzrə eyni, yəni standart qiymətlə müəyyənləşdirilib veriləcəyi, yoxsa hər ərazinin öz bazar dəyərinə uyğun fərqli şəkildə hesablanacağı sual doğurur. Çünki paytaxtın müxtəlif rayonlarında daşınmaz əmlakın qiymətləri bir-birindən ciddi şəkildə fərqlənir və bu fərq kompensasiya mexanizminə birbaşa təsir edir.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Demokrat.az-a bildirib ki, Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən, şəhərin bir sıra rayonlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan evlərin söküntüsü aparılır:
"Bu plan çərçivəsində həmin binalar və həyət evləri sökülərək yerində müasir memarlıq üslubuna uyğun yaşayış binaları tikiləcək. Bu baxımdan sözügedən ərazilərdə yaşayan sakinlərin bir qismi yerləşdikləri əraziyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla kompensasiya alır, digər hissəsi isə yerində tikiləcək binalardan mənzillə təmin olunur.
Söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir. Birinci mərhələdə MTK ilə sakin arasında söküləcək mənzilin sahəsi müəyyənləşdirilir və razılıq əldə olunarsa, proses ikinci mərhələyə keçir. İkinci mərhələdə sökülən evin yerində tikiləcək yeni binada həmin mənzilə əlavə kvadrat metrlər daxil olmaqla təminat məsələsi razılaşdırılır. Üçüncü mərhələdə vətəndaşa iki seçim təqdim olunur: ya təmir xərci ödənilir və o, mənzili özü təmir edir, ya da həmin vəsaitin əvəzinə əlavə kvadrat metr götürür. Dördüncü mərhələdə isə razılıq əldə olunacağı təqdirdə sakin yeni bina istifadəyə verilənədək kirayə mənzillə təmin edilir və kirayə haqqı şirkət tərəfindən ödənilir. Bu müddət adətən 2-3 il davam edir və tikintinin həcminə görə müqavilədə dəqiq müəyyənləşdirilir.
Bütün proses qarşılıqlı razılaşma əsasında həyata keçirilir və kompensasiya və ya yeni mənzil seçimi tərəflərin razılığı ilə müəyyən olunur. Kompensasiya seçildikdə əmlakın yerləşdiyi ərazi nəzərə alınmaqla bazar qiyməti əsasında ödəniş edilir. Lakin daha sərfəli variant kimi yerində tikiləcək binadan əlavə kvadratla mənzil əldə edilməsi göstərilir. Yeni binalarda mənzillərin daha yüksək qiymətə satılması səbəbindən bu seçim gələcəkdə daha çox gəlir gətirə bilər", - deyə o qeyd edib.
Beləliklə, Bakının Baş planı çərçivəsində tətbiq olunan kompensasiya mexanizmi standart qiymətlərə deyil, tamamilə ərazinin daşınmaz əmlak bazarına uyğun fərqli tariflərlə hesablanır. Prosesin hər bir mərhələsi sakinlərin seçimləri və şirkətlərlə bağlanılan rəsmi müqavilələr əsasında tənzimlənir.