Soçi görüşündə nə baş verəcək? – “Qarabağda yaşayan əhalinin taleyi...”

Soçi görüşündə nə baş verəcək? – “Qarabağda yaşayan əhalinin taleyi...”
SİYASƏT
11:45 31.10.2022
491
"Bu gün baş tutacaq Soçi görüşü Rusiyanın vasitəçiliyi ilə son iki il müddətində keçirilən görüşlərin içərisində, bəlkə də, ən gərgin keçəni olacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, Putin və Paşinyan heç də xoş olmayan fikirlər səsləndirdilər:

"Çünki görüş öncəsi Rusiya prezidenti Putin, eyni zamanda Ermənistan Baş naziri Paşinyan heç də xoş, konstruktiv olmayan fikirlər səsləndirdilər. Xüsusilə, Putinin "Valday” Diskussiya Klubunda Qarabağla bağlı söylədiyi fikirlər, hesab edirəm ki, vəziyyətin normallaşmasına yox, bir az da gərginləşməsinə xidmət edəcək. Çünki Putin o fikirlərində, sanki belə bir şey nəzərdə tutdu ki, guya Qarabağ Rusiyanın ərazisidir, onun taleyini də Rusiya həll edir, elə bilir ki, necə istəsə elə olacaq. Ancaq bunlar hamısı absurddur. Bunlar işğalçı, müstəmləkəçi Rusiya İmperiyasının xam xəyallarıdır. Bu xəyallar həyata keçmişdi 200-250 il bundan əvvəl, Sovet dövründə də. Ancaq bu gün Azərbaycan müstəqil, suveren dövlətdir. Qarabağ da Azərbaycanın ərazisidir. Qarabağın və Qarabağda yaşayan əhalinin milliyətindən asılı olmayaraq, taleyi Azərbaycan tərəfindən və bizim qanunlara əsasən həll olunur”.

Deputat qeyd edib ki, Paşinyanın yenə də təlxək ritorikası ilə bir-birinə zidd fikirlər səsləndirməsi gördük:

"Paşinyanın həmişə olduğu kimi, yenə təlxək ritorikası ilə cürbəcür bir-birinə zidd fikirlər səsləndirməsi gördük. Həm bəyan etdi ki, bütün dünya ölkələri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Ondan sonra da bəyan edir ki, Qarabağ Azərbaycanın tabeliyində qala bilməz, təklif edəcəyik ki, sülhməramlılar 15 il də qalsın. Bu cür sərsəmləmələr beynəlxalq hüquqa ziddir. Adını çəkdiyim hər iki dövlət rəhbəri tərəfindən səsləndirilən fikirlər onu deməyə əsas verir ki, bugünkü Soçi görüşü gərgin keçəcək”.

E.Məmmədov bildirib ki, indi Azərbaycan bu meydanda tək deyil:

"Mən belə hesab edirəm ki, hələ torpaqlarımız işğal altında olan dövrdə 30 il ərzində həmin Rusiya, Fransa, ABŞ Azərbaycanın iradəsini çox sınağa çəkdilər. Bu iradəni sındırmaq üçün çalışdılar, ancaq buna nail ola bilmədilər. Hələ o dövrdə Azərbaycan çox güclü deyildi, amma bu gün Azərbaycan güclü dövlətdir, güclü ordusu var və qalib durumdadır. Buna görə, Azərbaycanla bu cür dillə danışmaq olmaz. Azərbaycanı nəyəsə təhrik etmək kiməsə xeyir verməyəcək. Putin onu da nəzərə almalıdır ki, Azərbaycan o dövrlərdə olduğu kimi, indi danışıqlar və hərb meydanında tək deyil. Bu gün Azərbaycanın qardaş Türkiyə kimi güclü müttəfiqi var. Bu məsələlərdə bizim çox dəyərli dost, qardaşlarımız var”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR