"Somalinin mərkəzi Moqadişoda yerləşən iri həbsxana kompleksinə hücum edən bütün yeddi silahlı şəxs öldürülüb”.
AZXEBER.COM "Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Somali hökuməti bildirib.
Məlumata görə, bu, son aylarda paytaxta edilən ən böyük hücumlardan biri olub və bir neçə saat davam edən silahlı toqquşma ilə nəticələnib.
Qeyd edək ki, silahlı "Əl-Şəbab” qrupu şənbə günü "Godka Cilow” adlı, qrup üzvlərinin saxlanıldığı yeraltı həbsxana kompleksinə hücum edib. Hökumətin məlumatına görə, hücum avtomobil bombası partlayışı ilə başlayıb, ardınca şəhər boyu şiddətli atışmalar və partlayışlar baş verib. Hücumu dəf etmək cəhdləri zamanı üç təhlükəsizlik əməkdaşı həlak olub.
"Əl-Şəbab” – "əl-Qaidə” ilə əlaqəli silahlı qrup – açıqlama yayaraq, hücumun məqsədinin öz üzvlərini həbsxanadan azad etmək olduğunu bildirib.
Həbsxanadakı bir Somali təhlükəsizlik rəsmisi "Reuters" agentliyinə deyib:
"Kamera qapısında güclü partlayış eşitdik və dərhal atışma başladı. Daha sonra döyüşçüləri zərərsizləşdirmək üçün əlavə qüvvələr göndərildi”.
Somalinin dövlət mediasının məlumatına görə, hücumçular ölkənin kəşfiyyat idarəsinə məxsus avtomobillərə bənzər rənglənmiş maşınlardan istifadə edib və ordunun geyimlərinə bənzər formalar geyiniblər.
\APA