Onlayn alış-veriş zamanı məhsulların üzərində "Son 1 ədəd qalıb”, "Hazırda 5 nəfər bu məhsula baxır”, "Endirimin bitməsinə az vaxt qalıb” kimi bildirişlərlə tez-tez qarşılaşırıq.
Bu cür ifadələr ilk baxışdan məhsul barədə adi məlumat kimi görünsə də, alıcının qərarına təsir edən marketinq üsullarından biri ola bilər.
AZXEBER.COM xəbər verir ki, onlayn mağazalarda istifadə olunan qıtlıq və zaman məhdudiyyəti mesajları istehlakçıda məhsulu itirmək qorxusu yarada və alış qərarının daha sürətli verilməsinə təsir göstərə bilər.
Araşdırmalara görə, məhsulun məhdud sayda qaldığını və ya kampaniyanın bitmək üzrə olduğunu göstərən mesajlar istehlakçının məhsulu daha dəyərli və əlçatmaz hesab etməsinə səbəb ola bilər. Bu zaman alıcı məhsulun qiymətini, keyfiyyətini və digər alternativləri müqayisə etmək əvəzinə, məhsulu gecikmədən almağa üstünlük verə bilər.
Onlayn mağazalarda bu məqsədlə müxtəlif üsullardan istifadə edilir. "Son 1 ədəd qalıb”, "Bu məhsula hazırda 10 nəfər baxır”, "Son 24 saatda 50 dəfə satılıb”, "Endirimin bitməsinə 15 dəqiqə qalıb” kimi bildirişlər alıcıda təcili qərar vermək hissi yarada bilər.
Bəzi hallarda isə geri sayım taymerlərindən istifadə olunur. Ekranda kampaniyanın başa çatmasına müəyyən vaxt qaldığı göstərilir və alıcıya qərarını həmin müddət ərzində verməsi mesajı ötürülür. Lakin belə taymerin həqiqətən kampaniyanın bitmə vaxtını göstərib-göstərmədiyini alıcı hər zaman müəyyən edə bilmir.
Avropa Komissiyası və bir sıra ölkələrin istehlakçı hüquqlarını müdafiə edən qurumlarının 2023-cü ildə apardığı yoxlamada 399 onlayn mağazadan 148-də istehlakçıların qərarlarına təsir edə biləcək manipulyativ dizayn elementləri aşkarlanıb. Araşdırmada saxta geri sayım taymerləri, istifadəçini müəyyən seçimə yönəldən interfeyslər və mühüm məlumatların gizlədilməsi kimi üsullar da nəzərdən keçirilib.
Mütəxəssislərin fikrincə, alıcı belə mesajlarla qarşılaşdıqda məhsulu dərhal almaq əvəzinə onun qiymətini digər platformalarda müqayisə etməli, istifadəçi rəylərini oxumalı və kampaniyanın şərtlərinə diqqət yetirməlidir.
Çünki "son 1 ədəd qalıb” ifadəsi məhsulun həqiqətən bitmək üzrə olduğunu göstərə bildiyi kimi, istehlakçının qərarını sürətləndirmək üçün istifadə olunan marketinq üsulu da ola bilər.
Fəridə Əsədzadə











































